Cənubi Koreya dünyada ən sıx və intensiv təhsil sistemi ilə tanınır. Burada şagirdlər günün 12-14 saatını dərs və hazırlıqla keçirirlər.
AzEdu.az xəbər verir ki,rəsmi məktəb saatları səhər saat 8:00-dan başlayaraq təxminən 16:00-a qədər davam etsə də, tələbələr axşam saatlarına qədər özəl hazırlıq kurslarına – “hagwon”lara qatılırlar.
Ənənəvi olaraq təhsil uğuru Cənubi Koreya cəmiyyətində yüksək sosial status və gələcək karyera üçün əsas göstərici sayılır. Məhz buna görə valideynlər və şagirdlər universitetə qəbul imtahanı olan “Suneung” üçün illərlə hazırlaşırlar. Hətta imtahan günü ölkədə xüsusi tədbirlər görülür: təyyarə uçuşları təxirə salınır, bank və müəssisələr işə gec başlayır ki, imtahan iştirakçıları səs-küysüz və rahat şəraitdə biliyini göstərə bilsin.
Bu təhsil yanaşması Cənubi Koreyanı beynəlxalq reytinqlərdə ön sıralara çıxarsa da, eyni zamanda gənclər arasında psixoloji yüklənmə və stress halları da artmaqdadır. Son illərdə bu səbəblə hökumət dərs saatlarının azaldılması və balanslı təhsil mühiti yaradılması istiqamətində islahatlara başlayıb.