Şagirdlərin orta təhsil müddətində uğur qazanmaları üçün hələ məktəbəqədər dövrdən onların zehni və fiziki sağlamlıqlarının qeydinə qalınması mütləqdir. Bu işin öhdəsindən gələ bilmək üçün məktəbəqədər təhsil müəssisələrində tibbi xidmət təşkil olunub. Amma bu xidmət dövlət bağçalarında bir qədər formal xarakter daşımaqdadır. Tibb işçilərinin xüsusi bir yoxlamadan keçməyərək işə qəbul edilməsi, çalışdığı müddətdə heç bir tibbi bacarığını tətbiq etməməsi azyaşlıların sağlığını şübhə altında qoyur.
Bəs, əslində, bağçalardakı tibbi xidmət necə təşkil edilməli, tibb işçiləri bağçalara hansı şərtlərlə işə götürülməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az-a danışan İndigo uşaq bağçasının həkim pediatrı Firuzə Əsədova məktəbəqədər təhsil müəssisələrində tibb işçilərinin fəaliyyət prinsiplərinə aydınlıq gətirib. O bildirib ki, bağçada həm kiçik tibb işçisi, həm də sahə həkimi çalışmalıdır:
“Kiçik tibb işçisi hər gün bağçada olmalı, həkim pediatr isə həftədə bir dəfə bağçaya baş çəkərək onun işinə nəzarət etməlidir. Pediatr həm də 3 aydan bir uşaqların boy və çəki artımını yoxlamalı, yaş xüsusiyyətlərinə uyğun olaraq menyunu tərtib etməlidir.
Kiçik tibb işçisinin vəzifəsi isə bağçanın sanitar-gigiyenik qaydalarını daim nəzarətdə saxlamaqdır. O, xadimənin işi, mətbəxin təmizliyi, qida hazırlanma şəraitinə nəzarət etməlidir. Hər hansı qayda pozuntusu olarsa, bu barədə bağça rəhbərliyinə məlumat verməlidir. Tibb bacısı uşaqların sağlamlığına da nəzarət etməli, xəstə azyaşlıları bağçaya buraxmamalıdır. Uşaqlar ən azı xəstəliyin 3-5 gün davam edən kəskin dövründə bağçaya gəlməməlidirlər. Səpkili, qızdırmalı uşaqlar xüsusilə uzaq tutulmalı, bağçaya qayıdanda isə arayış təqdim etməlidirlər. Bu, həm də digər uşaqları yoluxdurmamaq üçün nəzərdə tutulub.
Kiçik tibb işçisi uşaqlara ilkin yardım etməyi bacarmalıdır. Ola bilər ki, uşaq yıxılsın, burnundan qan açılsın, qəfil qızdırması qalxsın və s. Tibb bacısı belə vəziyyətlərdən çıxmağı bacarmalıdır. Bu, həm özəl, həm də dövlət bağçalarında qaydadır. Bütün bağçalarda buna nə dərəcədə əməl olunub-olunmadığını isə deyə bilmərəm”.
“Keçid balını yığa bilməyən həkimlər 6 ay müddətinə işdən kənarlaşdırılırlar”
Bağçalarda tibb işçilərinin biliklərinin qiymətləndirilməsinə gəlincə isə pediatr bildirib ki, qaydalara əsasən, hər həkim 5 ildən bir attestasiyadan keçməlidir:
“Dövlət müəssisələrində bu işə baş həkimlər baxır. Onlar 5 ili tamam olan həkimləri kursa göndərirlər. Kurs Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 1 ay müddətində və məcburi keçirilir.
Kursun sonunda həkimlər attestasiyadan keçirlər. Daha sonra onlara sertifikat verilir. Keçid balını yığa bilməyənlər 6 ay müddətinə işdən kənarlaşdırılırlar. Onlara 3-6 ay ərzində yenidən öz üzərlərində işləmək, həmin mühazirələrdə iştirak etmək imkanı verilir. Bu, bağçalardakı həkimlərə də aiddir. Amma kiçik tibb işçiləri üçün belə bir qiymətləndirmənin olub-olmadığı deyə bilmərəm”.
Onun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələri ilə müqayisədə özəl bağçalardakı tibbi xidmətin üstünlükləri var:
“Burada həkim daha ciddi nəzarət edir. Özəl bağçada illərin təcrübəsi olan, həqiqətən bilikli tibb bacısı işləyirlər. Həkimə o qədər də ehtiyac qalmır. Çünki çox çətin iş deyil. Amma bir həkimin işləməsi yaxşıdır. Çünki menyunu həkim tərtib edir, yaş fərqlərini nəzərə alır.
Bağçada sağlamlıq və gigiyenadan əlavə, təhlükəsizlik də qorunmalıdır. Şkaflar aşmamaq üçün divara yaxşı bərkidilməlidir. Məktəbəqədər təhsil müəssisəsində iti, kəskin uclu heç bir əşya olmamalıdır. Uşaqların qəfil yıxılmaması üçün pilləkənin qabağında bağlı qapının olması mütləqdir.
Mətbəx işçiləri, xadimə və tibb bacıları həkimə tabedirlər. Bütün işlərə həkim nəzarət edir və sanitar normanın hansısa formada pozulduğunu gördükdə ona müdaxilə edir”.
“Tibb bacısını kolleci bitirən kimi bağçaya işə götürüb ona uşaq əmanət etmək olmaz”
O qeyd edib ki, özəl bağçaların digər üstünlüyü burada tibb bacılarından əlavə, müəllimələrin də ali təhsilli olmasıdır:
“Biz tibb işçilərini sorğu-sualla işə qəbul edirik. Özüm şahidi olmuşam, xanımlar bir şeyi başa düşmürlər. Bir neçə aylıq tibb kurslarını kursunu bitirənlər bağçaya müraciət edir ki, mən tibb bacısıyam. Belələri bağçalara qəbul olunmamalıdırlar. Tibb işçisini tibbi savad və təcrübəsi olmalıdır. O heç olmasa bir müddət tibb bacısı kimi haradasa işləməlidir. Universiteti bitirən kimi tibb bacısı kimi işə götürüb uşaqları ona əmanət etmək olmaz. Bağçalarda elə də kritik məqamlar baş verməsə də, tibb bacısı hər hadisəyə hazır olmalı, uşağı istənilən vəziyyətdən çıxarmağı bacarmalıdır.
Bizim bağçaya tibb işçisini işə qəbul edəndə mən sorğu-sual edirəm. Bu, test imtahanı formasında deyil, şifahi şəkildə olur. Məsələn, sual verirəm ki, filan vəziyyətlə qarşılaşsan, nə edərsən? Həmin tibb bacısının təcrübəsi azdırsa, həkimin yanında 1-2 aylıq təcrübə keçməlidir. Yəni, bağça asan görünə bilər, amma bunun üçün də təcrübə olmalıdır”.
“Təkcə təhsilin durumu aşağı səviyyədə deyil, tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var”
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məktəbəqədər təhsil müəssisələrində tibbi xidmətin təşkili ilə bağlı ciddi problemlər var. Ara sıra bağçalarda baş verən bədbəxt hadisə, yoluxucu xəstəlik və zəhərlənmələr bunu deməyə əsas verir:
“Xüsusilə də qış aylarında uşaqların qrip və soyuqdəymə riski çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Amma hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Uşaqların qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 8-9 təlim saatı ərzində şagirdin normal qidalanmaması onun fiziki zəifləməsi ilə nəticələnir.
Düzdür, qanunvericiliyə əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümü xəstəliklərə yoluxma şagirdlərin təhsil müəssisələrinə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcıları bağçalara daxil olduqda tibb xidmət göstərən əməkdaşı profilaktik tədbirlər həyata keçirməlidir.
Bağça rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalı, şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün azyaşlılar qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirilməlidir. Məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir”.
“Tibb işçilərinin bağçalara işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir”
Ekspertin sözlərinə görə, bağçalarda bundan əlavə, ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu qanunvericilik aktlarında orta məktəblər üçün də nəzərdə tutulub:
“Bu, bədbəxt hadisə zamanı ilkin tibbi yardımın göstərilməsi üçün mütləqdir. Amma baş verən hadisələr onu göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin təkcə təhsilin səviyyəsi aşağı səviyyədə deyil, tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var. Bir uşaq bağça ərazisində bədbəxt hadisə nəticəsində vəfat edirsə, bu, həmən o məktəbəqədər təhsil müəssisələrində fəaliyyətin düzgün təşkil olunmaması deməkdir. Azyaşlılar ciddi nəzarət tələb edən yaş dövründədirlər. Onlar nə sinifdə, nə də təlim, yemək, istirahət vaxtı nəzarətsiz qala bilməz.
Məktəbəqədər təhsil müəssisələrində normal şərait olmadığı üçün çox vaxt azyaşlı təkbaşına evdən gətirdiyi qidaları nəzarətsiz yeyir. Halbuki, məktəbəqədər təhsil müəssisələrində onlar üçün normal şərait yaradılmalıdır. Ümumilikdə məktəbəqədər təhsil müəssisələrindəki tibbi personalın xidmət səviyyəsi müasir standartlardan aşağıdır”.
Ekspert bildirib ki, məktəbəqədər təhsil müəssisələri xüsusi yer olduğuna görə, bura tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir:
“İndi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədir. Öncə müraciətləri elektron qaydada qəbul etmək, daha sonra müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbulunu həyata keçirmək olar”.