Azedu.az

Bir ömür - millətə həsr olunmuş həyat...

Xəbərlər

29 İyul 2025, 08:37
Bir ömür - millətə həsr olunmuş həyat...

Sözün də bir ömrü var. Bəzən bir gün yaşayıb unudulan sözlər var, bəzən isə əsrləri adlayan, millətlərin ruhunda, yaddaşında yaşayan kəlamlar. Bəxtiyar Vahabzadə də elə bir ömür yaşadı ki, onun sözləri təkcə qələmdən deyil, xalqın qəlbindən süzülüb gəldi. Bu il isə Azərbaycan  xalqı ədəbiyyatının nəhəng simalarından biri olan Bəxtiyar Vahabzadənin 100 illik yubileyini qeyd edir. Onun irsi təkcə bir şairin deyil, bütöv bir dövrün, xalqın, mübarizənin və milli qürurun ədəbiyyatda təcəssümüdür.

1925-ci ilin avqust ayında əsrarəngiz təbiətə malik olan ,tayı-bərabəri olmayan Azərbaycanda qədimliyi ilə seçilən Şəki şəhərində dünyaya göz açan Bəxtiyar Vahabzadə, daha uşaqlıq illərindən sözə, səslərə, duyğulara həssaslıqla yanaşırdı. Bakı Dövlət Universitetində aldığı təhsil onu ədəbiyyat aləminə gətirdi, lakin o, sadəcə şeir yazan bir insan deyildi — o, zamanın ağrısını, xalqın həsrətini, bütöv millətin dərdini sözlə ifadə edən bir qələm sahibi,azad ruhlu bir ustad idi.

“Gülüstan”, “Latın dili”, “Ana dili”, “İkinci səs”, “Vicdan” kimi əsərləri sovet senzurasının boğucu mühitində millət üçün nəfəs, ruh üçün güc mənbəyi idi. Onun “Gülüstan” poeması bir xalqın bölünmüş taleyini, ikiyə bölünmüş Vətənin ağrılarını poeziya zirvəsinə qaldırdı. Bu poemaya görə o, uzun illər təqib olundu, amma geri çəkilmədi — çünki onun üçün poeziya sadəcə sənət yox, həm də vətən borcu idi.

Ulu Öndər Heydər Əliyevin Bəxtiyar Vahabzadənin taleyində böyük rolu olmuşdur.Həmin çətin zamanda  dövlətin himayəsi ,dəstəyi olmasaydı,bütün olanları xalqa çatdırmaq çox çətin olardı.

Elə zamanlar olub ki,ədəbiyyatın da qorunmağa ehtiyacı olub. Məhz belə məqamlarda milli liderlərin uzaqgörənliyi, sənətə və sənətkara verdiyi dəyər tarixin axarını dəyişə bilir. Bəxtiyar Vahabzadənin də həyatında bu cür taleyüklü bir dönəmdə onun yanında duran şəxs — Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur.

O dövrdə “millətçi”, “millət təəssübkeşi” kimi tanınan  şairə qarşı ciddi təzyiqlər vardı. Lakin Heydər Əliyevin siyasi iradəsi və mədəniyyətə olan dərin sevgisi Bəxtiyar müəllimi bu cəngəllikdən qorudu. Sənətə.sənətkara dəyər verən Ulu Öndərimiz onun sənətinə, düşüncəsinə, xalq sevgisinə qiymət verərək, ona təqib yox, tribuna verdi. Bəxtiyar Vahabzadə Azərbaycan Ali Sovetinin deputatı seçildi, SSRİ və müstəqillik illərində dəfələrlə layiq olduğu yüksək mükafatlarla qiymətləndirildi. Bu da bir daha göstərdi ki, dövlətlə sənətkar bir yerdə olarsa, millət ucalır.

Şair xalqı üçün “Sözlə qurulan abidə” idi .Bəxtiyar Vahabzadənin sözündə həm səmimiyyət, həm də vətəndaşlıq tərzi vardı. O, təkcə romantik lirika yox, həm də ictimai fikir tribunası idi. Onun yaradıcılığı cəmiyyətə güzgü tutdu, millətə yol göstərdi, gələcəyə inam verdi. Müəllim idi — amma auditoriyası təkcə universitet yox, bütöv bir Azərbaycan xalqı idi.

Bugün onun adını daşıyan küçələr, məktəblər, abidələr, onun sözləri ilə böyüyən nəsillər var. O, artıq 100 yaşındadır — amma bu yaş onun fiziki varlığına yox, ruhuna, irsinə aid bir yaşıdır. Çünki söz adamları üçün ömür illərlə yox, izlərlə ölçülür.

“Bu il Bəxtiyar Vahabzadənin 100 illik yubileyidir “- demək azdır. Bu, bir millətin ədəbiyyatla yaşadığı yüz illik şərəfli tarixdir. Bizi yaşadan sözlər, qoruyan qələmlər, oyadan şeirlər oldu. Və bu sözlərin ən səmimi daşıyıcılarından biri — Bəxtiyar Vahabzadə idi.

                                                                                                                                                                                  Bakı şəhəri Xətai rayonu 17 № li tam orta məktəbin

Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynurə Faiq qızı Məmmədova

 

Ruslar azərbaycanlı iş adamının obyektini dağıtdılar
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox