Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, islamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya iyulun 31-dən avqustun 2-dək Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29) fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumat “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışında verilib.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.