Yay aylarında əksər insanlar istirahət üçün dənizə üz tutur. Bu isə xüsusilə uşaqlar üçün böyük sevinc mənbəyinə çevrilir. Lakin belə bir sual yaranır ki, uşaqlar neçə yaşından etibarən dənizdə çimə bilərlər?
Ümumiyyətlə, dəniz suyunun uşaqlar üçün hansı faydaları və zərərləri mövcuddur?
Mövzu ilə bağlı pediatr Şəlalə Poluxova AzEdu.az-a danışıb.
Onun sözlərinə görə yenidoğulmuş və 6 aya qədər körpələrin dərisi nazik və həssas olur və dəniz suyunun duzlu tərkibi körpə orqanizminə zərər yetirə bilər
"6 ayından etibarən uşaqları dənizə aparmaq olar. 1 yaşa qədər uşaqlarda qısamüddətli və nəzarət altında, 1 yaşdan böyük sağlam uşaqlar isə hava şəraiti uyğundursa, daha uzunmüddətli dəniz suyu ilə təmasda ola bilər. Yenidoğulmuş və 6 aya qədər körpələrin dərisi nazik və həssas olur və dəniz suyunun duzlu tərkibi körpə orqanizminə zərər yetirə bilər. Körpə uşaqların dərisi günəş şüalarına qarşı da həssasdır və bu yaş qrupundakı uşaqlar üçün SPF kremlərin istifadəsi tövsiyə olunmur. Buna görə də 6 ayından kiçiklərə dəniz kənarına gediləcəksə, kölgəli yerlərdə vaxt keçirmək tövsiyə olunur".
Dəniz suyunun uşaqlar üçün bir çox faydaları var
"Belə ki, dəniz suyu minerallarla zəngindir, düzgün qaydada günəş altında dənizdə vaxt keçirmək immun sistemini möhkəmləndirir, suda üzmək əzələ və sümük inkişafına müsbət təsir edir. Bununla yanaşı, dəniz və günəşin zərərli təsiri də ola bilər. Düzgün olmayan saatlarda günəş altında həddən artıq vaxt keçirmək günvurmaya səbəb ola bilər. Allergik uşaqlarda dəniz suyu irritasiyaya səbəb ola bilər. Bəzi ərazilərdə dəniz suyu təmiz olmaya bilər və bu da müxtəlif infeksiyaların yaranmasına səbəb ola bilər".
Valideynlər nələrə diqqət etməlidir?
"Getdiyi dəniz suyunun və sahilin təmizliyinə əmin olmaq lazımdır. Saat 10 ilə 16 arası günəş şüalarının intensiv olduğu saatlar uşaqları dənizə aparmaq tövsiyə olunmur. 6 aydan böyük uşaqlarda SPF kremlərin istifadəsi vacibdir. Baş örtüyü, günəş eynəkləri istifadə olunmalıdır. Suda uşağı heç vaxt tək buraxmasınlar! Hətta 1 dəqiqəlik belə! Dənizdən sonra bədən təmiz su ilə yuyulmalıdır, duz qıcıqlanmaya səbəb ola bilər. Və son olaraq, isti havalarda uşaq az yeyə bilər, amma az su, maye qəbuluna yol vermək olmaz. Uşaqlar tez-tez su içməlidir, əks halda bədəndə susuzlaşmaya səbəb ola bilər".