“Yeniyetmə anasını və nənəsini öldürdü”, “15 yaşlı oğlan ailə münaqişəsi zəminində atasına balta ilə xəsarət yetirdi”, “16 yaşlı yeniyetmə həmyaşıdını bıçaqladı”, “yeniyetmə qətl törətdi”... Bu cür xəbərlərlə, demək olar ki, son dövrlər hər gün rastlaşırıq.
Son dövrlər yeniyetmələr tərəfindən törədilən tükürpədici cinayətlərin sayı artıb. Bir neçə il əvvəl nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanılıb. Əvvəllər yeniyetmələrin cinayət törətməsin nadir hallarda rast gəlinirdisə, son dövrlər belə hadisələr tez-tez baş verir. Bu problemin kökündə nə dayanır? Son vaxtlar yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı niyə artıb, səbəb nədir?
Ekspertlərin fikrincə, yeniyetmələri cinayətə ailədaxili münaqişələr, onlara fiziki və psixoloji cəhətdən edilən işgəncələr vadar edir. Ailədaxili münasibətlərin necə olması, valideynlərin göstərdiyi davranışlar, diqqət və qayğı uşaqlar üçün çox vacibdir. Çox zaman yeniyetmənin aqressiv hərəkətlərinə səbəb valideynlərin sərt cəza növlərini seçmələri olur. Ailədaxili münaqişələr, valideynlərin onlarla kobud rəftarı uşaqlarda aqressiyanın pik həddə çatmasına şərait yaradır. Onlar həddindən artıq emosional, əsəbi və gərgin olurlar. Bu vəziyyətdə onlar hər an cinayət törədə bilirlər.
Həkim - psixoloq Arifə Məmmədova deyir ki, yeniyetmələrin emosiya və impulslarını idarə etmə bacarığının yetərsizliyi, ailədaxili problemlər, sosial təcrid və valideyn nəzarətinin zəifliyi mühüm rol oynayır. Eyni zamanda, cinayətkar davranışların sosial mühitdə modelləşdirilməsi və sosial-iqtisadi problemlər yeniyetmələr arasında cinayətlərin artmasına şərait yaradır. Məktəblərdə psixoloji dəstəyin yetərsizliyi, sosial xidmətlərin yeniyetmələrə əlçatan olmaması da bu problemin daha da dərinləşməsinə səbəb olur: “Yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və ziddiyyətli mərhələlərindən biridir. Bu dövrdə baş verən fiziki, psixoloji və sosial dəyişikliklər gənclərin davranışlarına birbaşa təsir göstərir. Təəssüf ki, bəzi yeniyetmələr bu çətin keçid dövründə yanlış yollara yönəlir və cinayətə əl atırlar. Ailə yeniyetmənin ilk sosiallaşma mühiti və ən güclü təsir mənbəyidir. Boşanmış ailələr, valideyn nəzarətinin zəifliyi, zorakılıq, diqqətsizlik və ya ailə daxilindəki sosial-iqtisadi problemlər yeniyetmənin davranışlarına neqativ təsir göstərir. Uşaqlar valideyn sevgisindən və qayğısından məhrum olduqda, bu boşluğu başqa yollarla - bəzən isə cinayətkarlıqla doldurmağa çalışırlar. Yeniyetmələr özlərini ifadə etməyə və qəbul olunmağa çox böyük ehtiyac duyurlar.
Bu ehtiyac bəzən onları neqativ təsirə malik dost çevrəsinə və ya dəstələrə qoşulmağa vadar edir. Sosial status qazanmaq, "gücünü göstərmək" və ya sadəcə təsirlənmə nəticəsində onlar cinayət əməllərinə əl atırlar. Bu gün ailələrin başı pul qazanmağa elə qarışıb ki, uşaqlarının tərbiyəsinə vaxt ayıra bilmirlər. Yaxud da kasıb ailələrdə uşaqlar işləməyə məcbur olur, kriminal insanların əhatəsinə düşürlər. Uşaq cinayət törədirsə, onun məsuliyyəti valideynin üzərindədir. Uşağa ailədə daim nəzarət olmalıdır. Ata da, ana da uşaqlarının küçədəki digər uşaqlarla münasibətlərindən, davranışlarından xəbərdar olmalıdırlar. Məktəbdə uğursuzluq yaşayan, müəllim və sinif yoldaşları tərəfindən lağ edilən və ya təcrid olunan yeniyetmələr özlərini cəmiyyətə qarşı hiss edirlər. Bu da onların aqressiv davranışlara və sosial hərəkətlərə meylini artırır. Bəzi hallarda yeniyetmələrdə psixoloji problemlər, depressiya, aqressiya və ya şəxsiyyət pozuntuları müşahidə olunur. Bu cür hallar mütəxəssis yardımı olmadıqda təhlükəli nəticələrə, o cümlədən cinayət əməllərinə gətirib çıxara bilər”.
Psixoloq deyir ki, müasir dövrdə sosial media, video oyunlar və filmlər də yeniyetmələrin davranışlarına təsir edir. Zorakılığın təbliğ olunduğu məzmunlar bəzi yeniyetmələr üçün normal qəbul edilə bilər və bu da onların cinayətkar davranışlarını artırır: “Yeniyetmələrin cinayət törətməsinin səbəbləri çoxşaxəli və bir-biri ilə bağlıdır. Bu problemi yalnız hüquqi cəza ilə deyil, eyni zamanda ailə dəstəyi, təhsil islahatları, sosial proqramlar və psixoloji yardım vasitəsilə həll etmək mümkündür. Cəmiyyətin hər bir üzvü -valideynlər, müəllimlər, hüquq-mühafizə orqanları və qeyri-hökumət təşkilatları - bu sahədə üzərinə düşən məsuliyyəti dərk etməlidir. Yeniyetmələrin əsas tərbiyəçisi ailə, məktəb və cəmiyyət olmalıdır. Bunlar 20-25 yaşlı gənc deyil ki, törətdiyi cinayətin cəzasını dərk edib, dövlətin hüququnun tam nəzarəti altına keçsin”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin dediyinə görə, son vaxtlar yetkinlik yaşına çatmayanların cinayət və cinayət xarakterli əməllər törətməsinin bir sıra səbəbləri var. Ailə daxilində valideynlərin zorakılığı uşaqların bu kimi vərdişlərə yiyələnmələrinə səbəb olur. Adətən, zorakılıqla qarşılaşmış uşaq bir qədər böyüdükdə özü də zorakılıq törətməyə meyilli olur: "Ən əsas amillərdən biri nəzarətin zəifliyidir. Bəzən yeniyetmələr etinasızlıq üzündən müxtəlif təsirlərə düşür və çətin tərbiyə olunan uşaq imici qazanırlar. Belə yeniyetmələrlə daha çox polis orqanları məşğul olur və onların xeyli hissəsinin cəmiyyətə qovuşaraq sağlam həyat tərzi keçirmələri çətinləşir. Özünü aktuallaşdırmaq istəyi - yeniyetmələrin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsini nəzərdə tutur. Bəzən yeniyetmələr ünsiyyət tələbatının və özünü aktuallaşdırma tələbatının ödənilmədiyi səbəbindən qeyri-sağlam qruplara cəlb olunur və həmin qruplar da onların bu istəklərini özlərinə lazım olan istiqamətə yönəltməklə reallaşdırmağa çalışırlar”.
Birlik sədri qeyd edib ki, adətən uşaqlar böyüklərdən nümunələr götürməyə çalışırlar: "Belə nümunələrin içərisində bəzən zərərliləri də yer alır. Siqaret çəkmə, alkoqollu içkilərə meyil və s. bu kimi adətlər də bəzən yeniyetmələr üçün cəlbedici olur. Böyükləri təqlid edərək və adətən bunun nə ilə nəticələnəcəyini bilməyərək onlar da bu kimi zərərli vərdişlərə aludə olurlar. Bu kimi vərdişlər zaman-zaman daha da inkişaf edir. Narkomaniya, toksikamaniya kimi bəlalara yoluxmaya, bu ehtiyacları ödəmək üçün hüquq pozuntularına meyillənməyə səbəb olur. Digər amillər kimi daxili eqodan yaranan bəzi xüsusiyyətlər - münaqişəyə meyillilik, paxıllıq və s. bu kimi hallar da göstərmək olar ki, bunları da düzgün tərbiyə vasitəsilə yönləndirmək mümkündür”.
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, yeniyetmələrin cinayət törətməsinin kökündə valideynlər dayanır. Valideyn nəzarətindən, diqqətindən kənar qalan uşaqlar səf istiqamətə yönəlir: “Valideynlər övladlarına daha çox vaxt ayırmalı, təlim-tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır. Valideyn övladını daim nəzarətdə saxlamalı, dərslərini necə oxuması, məktəbdə özünü necə aparması ilə maraqlanmalıdır. Uşaqda mənfi yönə baş verən dəyişikliyin qarşısını almaq üçün valideyn vaxtında tədbirlər görməlidir. Xüsusən də yeniyetməlik dövrünü yaşayan yuxarı sinif şagirdlərinə qarşı daha diqqətli davranmaq lazımdır. Yeniyetməlik dövründə uşaqlar həyatda öz mövqelərini hələ müəyyən etməmiş, həyat baxışları hələ dəqiq olmamış olur. Bu səbəbdən də müxtəlif istiqamətlərə meyillənirlər. Buna görə də valideyn övladını düzgün istiqamət verməli, doğru yol göstərməlidir. Valideynlər ilk növbədə düzgün tərbiyələndirmə aparmalı, övladlarına humanizmi təbliğ etməlidirlər. Uşaqlara humanist olmağı, insanları sevməyi öyrətmək lazımdır. Valideynlər övladlarını məktəbə yola salanda onlara bir sıra təlimatlarını, öyüd-nəsihətlərini verməlidirlər. Hər bir valideyn öz övladının məktəbdə gündəlik davranışı haqda məlumat əldə etməlidir, bilməlidir ki, onun övladı məktəbdə bu gün necə davranıb. Valideynin işi təkcə səhər övladına yemək verib, onu məktəbə yola salmaq deyil. Uşaqla valideyn arasında ciddi kommunikasiya qurulmalıdır, bu, vacibdir”.
18 yaşına çatmayan şəxslər cinayət törətdikdə məsuliyyəti kim və hansı qaydada daşıyır?
Hüquqşünas Samir Axundov bildirib ki, beynəlxalq qanunvericilikdə yaş həddi daha aşağı olsa da, bizim qanunvericiliyimizdə cinayət məsuliyyətinə cəlb etmək üçün şəxsin yaşı ən azı 14 olmalıdır. Qanunvericiliyə əsasən, əgər cinayət əməli törədən uşağın 16 yaşı varsa, bu zaman o, qanun qarşısında məsuliyyət daşıyır. Amma istisna hallar var ki, adamöldürmə, sağlamlığa az ağır və ya ağır zərərvurma, adam oğurluğu, terrorçuluq, insanları girov götürmə, odlu silahdan istifadə kimi hallara görə 14 yaşı tamam olmuş uşaqlar da cinayət məsuliyyətinə cəlb olunur. Bu şəxslər cinayət törədərsə, onlar üçün cinayət qanunvericiliyinə əsasən müəyyən edilən cəza növləri cərimə, islah işləri, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmədir. Bu cəza növləri yetkinlik yaşına çatmayan şəxslər üçün demək olar ki, qismən güzəştli olaraq müəyyən edilir, yəni adi hallara müəyyən edilən müddətlərə nisbətən daha az müddətdə tətbiq edilir. Məsələn, azadlıqdan məhrumetmə maksimal olaraq 25 il müddətinə təyin edilibsə, bu, adi haldır amma yetkinlik yaşına çatmayan şəxslər üçün bu, 10 ildən artıq olaraq müəyyən edilmir. Hələ ki qanunvericiliyimizdə müəyyən olunan yaş həddinin artırılıb yaxud azaldılması ilə bağlı hər hansı bir fikir irəli sürülməyib. Cəza növü isə dəyişə bilir, bu cinayət qanunvericilyində də nəzərdə tutulub. Əgər sonradan cəza tətbiq edilən şəxs şərti tətbiq olunmuş cəzanın müəyyən hissəsini çəkdikdən sonra islah olunursa bu zaman cəza yüngül cəza ilə də əvəz oluna bilər, hətta onun cəzadan azda olunması belə mümkündür. Yetkinlik yaşına çatmayan şəxsə cəza növü təyin olunarkən həm də uşağın psixi vəziyyəti də nəzərə alınır. Həmçinin yetkinlik yaşına çatmayanlara cərimə cəzası sadəcə istisna hallar kimi tətbiq olunur. Belə ki, həmin yetkinlik yaşına çatmayan şəxs əmək haqqı alırsa və ya onun bir əmlakı varsa bu cərimə halda tətbiq edilir. Bu məbləğ də adi cərimə məbləğindən fərqlidir, yəni maksimum olaraq 600 manat cərimə tətbiq oluna bilər: “Əgər uşağın yaşı 14-dən aşağıdırsa və cinayət törədibsə cinayət qanunvericiliyinə əsasən bu şəxslər üçün cinayət məsuliyyəti yaranmır. Uşağın əməli qəsdən və ya ehtiyatsızlıqdan törətməsi halları da ola bilər, yəni bunlar fərqlənə bilər. Əgər uşaq cinayəti həqiqətən də qəsdən olaraq yox, sadəcə nəzarətsiz qaldığı üçün törətmişdirsə, müvafiq olaraq onun valideyninə müəyyən çərçivədə tədbirlər görülə bilər. Bu zaman valideynlərə inzibati tənbe, yəni cərimə tətbiq olunur".
Nərmin Qarazadə