ADA Universitetində beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və mətbuat nümayəndələri iştirak ediblər.
Çıxış edənlər “Yüksəliş”in artıq ölkədə effektiv idarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsi baxımından strateji platformaya çevrildiyini vurğulayıblar.
Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirmə mərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktiki bilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkar inkişafına mühüm töhfə verib.
Tədbirin sonunda beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Qeyd edək ki, qaliblər qarşıdakı dövrdə idarəetmə sahəsində daha geniş imkanlara sahib olmaqla yanaşı, 20 000 manat məbləğində pul mükafatı, həmçinin birillik fərdi Mentorluq Proqramından faydalanmaq imkanı əldə edirlər.