Azedu.az

Əmək bazarı dəyişdi, qiyabi təhsil geri qalır – Ekspert təklif verir

Xəbərlər

25 İyul 2025, 15:05
Əmək bazarı dəyişdi, qiyabi təhsil geri qalır – Ekspert təklif verir

Bu gün elə bir mərhələdəyik ki, yalnız diplom sahibi olmaq kifayət etmir. Əmək bazarı konkret bacarıqlara, sahəyə uyğun təcrübəyə, peşəkar çevikliyə və sosial-kommunikativ keyfiyyətlərə malik insanları tələb edir.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli söyləyib.

Onun sözlərinə görə əyani təhsil alanların da iş tapmaqda çətinlik çəkdiyi indiki dövrdə, qiyabi təhsilin bu reallıqla müqayisədə nə qədər zəif nəticə verdiyini təsəvvür etmək çətin deyil:

"Qiyabi təhsil modeli uzun illərdir ki, ali təhsil sistemimizin bir parçasıdır və müxtəlif səbəblərlə əyani təhsilə qoşula bilməyən insanlar üçün çıxış yolu rolunu oynayıb. Əsasən işləyən şəxslər, ailə quranlar, regionlarda yaşayanlar üçün bu model əlverişli olub. Lakin hazırkı dövrün reallıqları, əmək bazarının dinamikası, texnoloji inkişaf və keyfiyyət göstəricilərinə olan tələblər qiyabi təhsilin nə qədər effektiv olduğu məsələsini açıq sual halına gətirir.

Bu gün elə bir mərhələdəyik ki, yalnız diplom sahibi olmaq kifayət etmir. Əmək bazarı konkret bacarıqlara, sahəyə uyğun təcrübəyə, peşəkar çevikliyə və sosial-kommunikativ keyfiyyətlərə malik insanları tələb edir. Təəssüf ki, bu xüsusiyyətlər qiyabi təhsil alan tələbələrin böyük əksəriyyətində kifayət qədər inkişaf etmir. Bunun bir neçə səbəbi var. Birincisi, tədrisin intensivliyi və dərslərə faktiki iştirak imkanı çox zəifdir. Qiyabi təhsil alanlar əsasən ildə bir neçə dəfə sessiya və ya laboratoriya məqsədilə universitetlə əlaqə qururlar. Bu, sistemli və davamlı təhsilin təmin olunması üçün yetərli deyil".

Qiyabi təhsilin tam ləğvi məsələsinə ehtiyatla yanaşmaq lazımdır

"İkincisi, bir çox hallarda bu tələbələr sadəcə imtahanları verməyə fokuslanır və fənnin məzmununa, ixtisasın praktik tətbiqinə, dərin öyrənilməsinə maraq göstərmirlər və ya göstərə bilmirlər. Xüsusilə də pedaqogika, psixologiya, mühəndislik, tibbə hazırlıq, sosial iş və ya iqtisadiyyat kimi sahələrdə nəzəriyyə ilə yanaşı praktik bacarıqlar da olduqca vacibdir. Ancaq qiyabi təhsil forması bu praktiki bilikləri formalaşdırmaq üçün əlverişli mühit yaratmır.

Əyani təhsil alanların da iş tapmaqda çətinlik çəkdiyi indiki dövrdə, qiyabi təhsilin bu reallıqla müqayisədə nə qədər zəif nəticə verdiyini təsəvvür etmək çətin deyil. Tələbələrin əksəriyyəti ixtisasını seçərkən onun real tətbiqi imkanlarını bilmir, əmək bazarının bu sahəyə münasibəti barədə məlumatlı deyil. Bu, həm də peşə yönümünün ali məktəb mərhələsindən deyil, daha erkən yaşlardan verilməli olduğunu göstərir. Təəssüf ki, bu gün qiyabi oxuyan tələbələrin bir hissəsi ixtisası barədə yalnız imtahan miqyasında məlumatlı olur, dərindən analiz və araşdırma aparmır. Təhsil, sadəcə biliyin ötürülməsi deyil, həm də təcrübənin, düşüncə tərzinin və şəxsiyyətin inkişafıdır. Qiyabi model isə bu missiyanın yalnız kiçik bir qismini qarşılaya bilir".

Qiyabi təhsilin bugünkü formatda davam etməsi nə ölkənin təhsil siyasətinə, nə də iqtisadi hədəflərinə cavab verir

"Lakin bu problemləri sadalamaqla yanaşı, qiyabi təhsilin tam ləğvi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu model hələ də müəyyən sosial qruplar üçün çıxış yoludur. Məsələn, eyni vaxtda həm işləyib, həm təhsil almağa məcbur olan gənclər, valideynlər və ya ali təhsilə gec qoşulanlar üçün bu formanın müəyyən üstünlükləri var. Amma məsələ burasındadır ki, artıq texnologiya və rəqəmsal imkanlar bizə daha çevik, daha funksional təhsil modelləri qurmağa şərait yaradır. Bu baxımdan, qiyabi təhsil modelini olduğu kimi qoruyub saxlamaq əvəzinə onu distant, hibrid və modul əsaslı sistemlərlə əvəzləmək daha məqsədəuyğundur. Yəni təhsil çevikləşdirilməli, fərdiləşdirilməli və peşə yönümlü olmalıdır. Tələbə harada oxuyursa oxusun, ona eyni keyfiyyətdə tədris materialı, müəllim dəstəyi, praktik imkan və monitorinq təqdim olunmalıdır.

Nəticə olaraq deyə bilərik ki, qiyabi təhsilin bugünkü formatda davam etməsi nə ölkənin təhsil siyasətinə, nə də iqtisadi hədəflərinə cavab verir. Bu modelin ləğvi deyil, mahiyyətcə yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması daha sağlam yanaşmadır. Təhsil sistemi şəraitə uyğun çevrilməli, hər bir tələbənin keyfiyyətli və məqsədyönlü təhsil alması üçün alternativlər yaratmalıdır. Qiyabi modelin gələcəyi məhz bu çevikliyə nə qədər uyğunlaşa bilməsindən asılı olacaq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox