Dünyanın bir çox ölkəsində milyonlarla uşaq hələ də məktəbə gedə bilmir. Müharibələr, yoxsulluq, gender bərabərsizliyi və iqlim fəlakətləri kimi səbəblər yüzlərlə min uşağın təhsil hüququndan məhrum qalmasına gətirib çıxarır.
AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.
Dünyada məktəbə gedə bilməyən uşaqların sayı həyəcan doğuracaq həddə çatıb. UNESCO və UNICEF-in 2024-cü ilə dair hesabatına əsasən, təxminən 250 milyon uşaq (6–18 yaş aralığında) təhsil hüququndan məhrumdur. Bu göstərici xüsusilə Afrika, Cənubi Asiya və Yaxın Şərq ölkələrində daha yüksəkdir.
Ən çox uşağın məktəbə getmədiyi ölkələr arasında ilk onluqda Liberiya (62%), Cənubi Sudan (59%), Eritreya (59%), Əfqanıstan (46%), Sudan (45%), Cibuti (43%), Ekvatorial Qvineya (42%), Niger (38%), Mali (36%) və Nigeriya (34%) yer alır. Silahlı münaqişələr, yoxsulluq, gender ayrı-seçkiliyi, iqlim dəyişiklikləri və təhsil infrastrukturunun zəifliyi uşaqların məktəbə getməməsinin əsas səbəbləri kimi göstərilir.
Məsələn, Əfqanıstanda son iki ildə qızların orta məktəbdə oxuması qadağan edildiyindən, yüz minlərlə uşaq əsasən qızlar -təhsildən kənarda qalıb. UNICEF bildirir ki, bu ölkədə məktəbyaşlı qızların təxminən 80 faizi təhsil ala bilmir. Cənubi Sudanda isə vətəndaş müharibəsi səbəbindən kəndlərdə məktəblər dağıdılıb, minlərlə uşaq ya təhsil müəssisəsinə çatmır, ya da müəllim və dərslik çatışmazlığı səbəbindən dərs ala bilmir.
UNICEF və UNESCO beynəlxalq ictimaiyyəti bu ölkələrdə təhsilə sərmayənin artırılmasına, münaqişə bölgələrində uşaq hüquqlarının qorunmasına və təhsildə gender bərabərliyinin təmin olunmasına çağırır.
Hazırda 2030-cu ilə qədər keyfiyyətli təhsilin (BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri – SDG 4) təmin olunması üçün ölkələrin həm qanunvericilikdə, həm də praktikada ciddi islahatlara ehtiyacı var.