Uşaqlar üçün son illər dəbdə olan qorxunc simalı oyuncaqlar psixoloji baxımdan ciddi narahatlıqlar yarada bilir. AzEdu.az-a danışan psixoloq Aytən Ələkbərova bildirir ki, bu tip oyuncaqlar fobiya və qorxu duyğularının qarışmasına, eləcə də uşaqlarda duyğusal reaksiyaların zəifləməsinə səbəb ola bilir: "Son dövrlər daha çox dəbdə olan, qorxunc simalı oyuncaqlar alınır. Bu oyuncaqlardan biri də 'Labubu'dur. Bəzən uşaqlar o qorxunc sima üçün 'Labubu' deyə ayaqlarını yerə döyüb ağlayırlar. Bu, artıq qorxunun bir oyuncaqla assosiasiya olunmasına gətirib çıxarır".
"Bəzi qorxular insanda məsuliyyət hissini oyada bilir. Məsələn, imtahan qorxusu bizi həyəcanlandırır. Bu zaman məsuliyyət həyəcanı idarə edirsə, qalib olursan, yox idarə etmirsənsə, məğlub olursan. Amma qorxunu zombiləşmiş simalarla dəf etdikcə, uşaq məsuliyyətdən uzaqlaşır".
"Qorxunc obrazlar duyğusal soyuma yarada bilir. Beləliklə, empatiya və mərhəmət kimi duyğular getdikcə yoxa çıxır. Bir qız uşağı oynadığı gəlinciyə aqressiv yanaşırsa, bu, evdə şahid olduğu aqressiv münasibətin aşkar əlamətidir. Eynilə, oğlan uşaqlarında da 3-6 yaş dövründə oyunlara verilən reaksiya gələcəkdəki şəxsiyyət tipi haqda ipucları verir".
"Biz yeniyetmənin sosial şəbəkə hekayələrinə baxmaqla onun kimlik tipini anlaya bilirik. Həmin şəxsiyyət tipi uşaqlıqda başlayan oyun reflekslərindən yaranır. 3-6 yaş dövründəki davranışlar gələcək xarakterin formalaşmasını təyin edir".
"Əziz valideynlər, övladlarınızın oyuncaqla oynayarkən şüuraltında formalaşan duyğularını nəzərə alın. Oyuncaq sadəcə bir əyləncə deyil, uşaq üçün şəxsiyyət modelinin qurulduğu ilk məsələlərdəndir".