"Peşə və ixtisas seçimində tələbənin marağı hər şeydən önəmlidir. Bu olduqca çox ciddi və məsuliyyətli qərardır. Təəssüf ki, bir çox hallarda tələbə bu qərarı tək verə bilmir, gələcəyini aydın görə bilmir. Belə hallarda mütləq təcrübəli insanlardan məsləhət almaq vacibdir. Ailə üzvləri, müəllimlər, sahə üzrə peşəkarlar bu yolda gəncə yol göstərə bilər".
Bu fikri AzEdu.az-a açıqlamasında sosioloq Mail Yaqub qeyd edib. Sosioloq bildirib ki, burada çox mühüm bir məqam unudulmamalıdır: "heç bir tələbəni ixtisas seçimində məcbur etmək olmaz. Əgər onun hansısa sahəyə marağı, meyli yoxdursa, onu o sahəyə yönləndirmək düzgün deyil. Çünki gələcəkdə həmin şəxs ixtisası bitirsə də, o sahədə işləmək istəməyəcək və aldığı diplom sadəcə kağız parçasına çevriləcək. Bu da həm vaxt itkisi, həm də psixoloji yük deməkdir.
Doğru ixtisas seçimi üçün tələbə marağını, bacarığını və cəmiyyətin həmin sahəyə ehtiyacını nəzərə almalıdır. Bu prosesdə psixoloji dəstək, konsultativ yardım da çox önəmlidir. Bəzən gənclər ixtisaslar və onların perspektivləri haqqında kifayət qədər məlumata malik olmurlar. Bu zaman onlara sahələrin gəlirliliyi, faydalılığı, gələcək imkanları barədə izah verilməlidir.Əsas şərt budur: tələbənin marağı, sahəyə həvəsi, həmin peşənin cəmiyyətə faydası və gəlirliliyi uyğun gəlməlidir.
Bu balans təmin olunarsa, həm gəncin şəxsi inkişafı, həm də ölkənin peşəkar potensialı güclənəcək.Peşə seçimində cinsiyyət deyil, maraq və istək əsasdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda müəyyən peşələrə yönəli cinsiyyət bölgüsü müşahidə olunur. Bu, qismən mentalitet və cəmiyyətin formalaşmış baxışları ilə əlaqədardır. Məsələn, ginekologiya sahəsinə qadınların daha çox maraq göstərməsi və bu peşəyə üstünlük verməsi buna bir nümunədir".
Cinsiyyətə görə fərq qoymaq, tələbənin potensialını məhdudlaşdırmaq deməkdir
"Lakin peşə seçimi məsələsində əsas meyar şəxsin öz istəyi və marağı olmalıdır. Əgər bir gənc istər qız, istər oğlan hansısa sahəyə maraq göstərirsə, həmin ixtisasa həvəsi varsa, bu peşə cəmiyyət üçün faydalıdırsa və gəlirlidirsə, onu yönləndirmək və ya bu seçimə mane olmaq düzgün deyil.
Cinsiyyətə görə fərq qoymaq, tələbənin potensialını məhdudlaşdırmaq deməkdir. Ən önəmlisi, şəxsin öz istəyinə uyğun sahəni seçməsi və bu sahədə peşəkar kimi formalaşmasıdır. Bu yanaşma həm fərdi inkişaf, həm də cəmiyyətin balanslı peşə ehtiyacının qarşılanması baxımından olduqca vacibdir".