Azedu.az

Peşə sahələri ‘ikinci dərəcəli’ kimi təqdim edilir- Əmrah Həsənli

Xəbərlər

22 İyul 2025, 09:36
Peşə sahələri ‘ikinci dərəcəli’ kimi təqdim edilir- Əmrah Həsənli

Peşə təhsilində müəyyən ixtisaslara, xüsusilə də sənətkarlıq yönümlü sahələrə marağın azalmasının bir neçə əsas və sistematik səbəbi var. Bu, yalnız əmək bazarının tələbləri ilə deyil, həm də cəmiyyətin düşüncə tərzi, təbliğat boşluğu, məktəblərdə yönləndirmə mexanizmlərinin zəifliyi və texnoloji çağırışların yaratdığı yeni seçim prioritetləri ilə bağlıdır.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli söyləyib. 

Ekspertin sözlərinə görə illərlə təkcə universitet və bakalavr diplomunun üstünlüyü ön plana çəkilib, peşə təhsili isə kölgədə qalıb

"İlk növbədə, cəmiyyətimizdə uzun illər formalaşmış və hələ də dəyişməyə çətinlik çəkən bir yanaşma mövcuddur: yüksək sosial status yalnız ali təhsillə əldə oluna bilər. Bu düşüncə valideynlərin və abituriyentlərin seçimlərinə ciddi təsir göstərir. Sənətkarlıq ixtisasları, əslində, yaradıcılıq və ustalıq tələb edən, tarixən dəyərli hesab olunan sahələrdir. Amma bu gün həmin sahələr “ikinci dərəcəli” kimi təqdim olunur. Halbuki müasir dünyada inkişaf etmiş ölkələr məhz peşə və sənət təhsilinə önəm verərək yüksək keyfiyyətli işçi qüvvəsi formalaşdırmağa çalışır.

İkinci səbəb, bu ixtisasların təbliğatının zəif olmasıdır. İllərlə təkcə universitet və bakalavr diplomunun üstünlüyü ön plana çəkilib, peşə təhsili isə kölgədə qalıb. Televiziya, sosial media, məktəbdaxili maarifləndirmə platformalarında peşəkar ustaların uğur hekayələri demək olar ki, paylaşılmır. İnsanlara bu ixtisaslar üzrə gələcək perspektivlər, biznes imkanları və sərbəst sahibkarlıq potensialı göstərilmir. Gənclər isə örnək və stimulla hərəkətə gəlir".

Orta məktəblərdə peşəyönümlü məsləhət xidmətləri çox zəif işləyir

"Şagirdlərə potensial qabiliyyətlərinə uyğun istiqamətlər göstərilmir, valideynlərlə bu yöndə fərdi və qrup işləri aparılmır. Əgər bir gəncin texniki bacarığı, əllə işləmək istedadı varsa belə, onu bu istiqamətə yönəldən mexanizm yoxdur. Əksinə, o, “ənənəvi uğur formulu”na – universitetə get, diplom al – ssenarisinə uyğunlaşdırılır.

Texnologiyanın sürətli inkişafı da bu sahələrə marağın azalmasına səbəb ola bilər. Çünki bəzi peşələr artıq avtomatlaşdırılıb və ya dəyişmişdir. Amma bu, bütün sənətkarlıq ixtisaslarına aid deyil. Əksinə, bəzi sənət sahələri texnologiya ilə sintez olunaraq daha innovativ, estetik və gəlirli hala gəlir. Sadəcə həmin istiqamətlərin doğru təqdim olunmasına və proqramların zamanın ruhuna uyğun modernləşdirilməsinə ehtiyac var.

Ən nəhayət, peşə məktəblərinin infrastruktur və maddi-texniki bazaları da bu məsələdə həlledici rol oynayır. Sənət öyrənmək üçün praktiki mühit, texniki avadanlıq, materiallarla işləmək imkanı əsasdır. Əgər bu imkanlar zəifdirsə, gənc həmin sahəyə maraq göstərməyəcək".

Müsahibimiz qeyd edib ki, bütün bunları nəzərə alaraq deyə bilərik ki,peşə təhsilində müəyyən ixtisaslara marağın olmaması probleminin həlli təkcə ixtisasların adını dəyişmək və ya onları ləğv etməklə mümkün deyil: "Bu, strateji yanaşma tələb edən, təbliğatdan tutmuş, əmək bazarı ilə koordinasiyaya, məktəbdaxili yönləndirmədən tutmuş cəmiyyətin düşüncə tərzinin dəyişməsinə qədər kompleks bir məsələdir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox