Qızların təhsilini dəstəkləmək məqsədilə Bakı Slavyan Universiteti (BSU) yeni təşəbbüsə start verib. Belə ki, son illər bu ali məktəbin müəllimlik ixtisaslarına regionlardan az sayda qız tələbə qəbul olunduğunu nəzərə alan universitet rəhbərliyi xüsusi dəstək proqramı həyata keçirir.
AzEdu.az-ın əldə etdiyi məlumata görə BSU-nun rektoru Anar Nağıyev bu barədə sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, universitet müəllimlik ixtisaslarına qəbul olan, lakin bölgələrdə təmsilçiliyi az olan qız tələbələri BSU-da təhsilə dəvət edir. Layihə çərçivəsində həmin regionlardan qəbul olan qız tələbələr üçün xüsusi təqaüd proqramı nəzərdə tutulub.
Təqaüd proqramı Qazax-Tovuz, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.