"Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında baş tutub.
Layihəyə qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak ediblər.
Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq üçün AzEdu.az Azərbaycan Təhsil Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi uğurla başa çatdı.
Layihənin birinci mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı QUA və AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib.
İkinci mərhələdə isə QUA və AzEdu.az komandası tərəfindən həmin ədəbiyyat siyahıları arasından ən yaxşı 10 siyahı seçilib.
III final mərhələsində isə tanınmış ədəbiyyat, ictimai xadimlərdən ibarət 7 münsif tərəfindən ilk üçlük - layihənin qalibləri müəyyən olunub.
Münsiflər heyəti Milli Məclisin deputatı Fazil Mustafa, türk dünyasının tanınmış şairi Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov, "Hədəf" Şirkətləri Qrupunun baş direktoru Şəmil Sadıq, AYB-nin gənclər katibi, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid, şairə Kamalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyevdən ibarət yeddilik olub.
Onlar ilk onluqa düşən şagirdlərə oxuduqları əsərlər barəsində suallar verməklə, müxtəlif məzmunlu müzakirələr aparmaqla iştirakçıları 10 ballıq sistemlə qiymətləndiriblər. Qaliblər məhz bu ballara uyğun müəyyənləşib.
Nəzərinizə çatdıraq ki, layihədə ümumilikdə 60 məktəbli iştirak etdi. Onlardan 16-sı müxtəlif bölgələrdən, 44 isə Bakının məktəblərindən olub.
Mükafatlandırma mərasiminə Bakıdan, Neftçaladan, Şəkidən, Goranboydan və Ağsudan olan 38 məktəbli şagird qatıldı. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırıldı.
Qeyd edək ki, layihənin qalibləri Nurməmmədov Nuran, Quliyev Həsən və Vəlizadə Nihad olub. Əsədli Nadir isə təxminən eyni balla münsiflərin fərqləndirdiyi məktəblilərdən oldu.
Layihəmizin ən kiçik iştirakçıları Qəmər Babayeva, Yusif Cəbili, Yusif Yaqubov isə tədbirə xüsusi gözəllik qatdı.
Qeyd: AzEdu.az tədbirdən hazırladığı geniş foto və video reportajları tezliklə oxuculara təqdim edəcək.