Keçdiyimiz günlərdə Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd etdi ki, abituriyentlər arasında Azərbaycan dili üzrə nəticələr 50 faizdən yüksəkdir. Bu, təqdirəlayiq və ürəkaçan bir göstəricidir.
Bu nəticələrin digər fənlərlə müqayisədə daha yaxşı olması abituriyentlərin vətənpərvərlik hisslərindən, ana dilinə olan bağlılıqlarındanmı qaynaqlanır?
AzEdu.az mövzu ilə bağlı “Qanun” nəşriyyatında tərcüməçi-redaktor, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktoru, Aygün Əziz ilə həmsöhbət olub.
O qeyd edib ki, yüksək nəticələr məktəblərdə Azərbaycan dili fənninin tədrisinin yüksək keyfiyyəti ilə əlaqədardır
"Burada qeyri-adi bir şey görmürəm, çünki Azərbaycan dili öz dilimizdir. Bir çox orta məktəb və lisey müəllimlərindən eşitdiyim odur ki, şagirdlər digər fənlərlə müqayisədə ana dilindən olan test suallarından daha çox bal toplayırlar. Abituriyentlərin digər fənlərlə müqayisədə Azərbaycan dilindən daha yüksək nəticə əldə etmələri, düşünürəm ki, birbaşa olaraq bir neçə faktordan asılıdır. Ən mühüm və danılmaz məqam kimi bunun milli-mədəni bağlılıqdan irəli gəlməsi və ana dilinə olan dogma münasibət ilə əlaqələndirirəm. Axı bildiyimiz kimi, dil təkcə ünsiyyət vasitəsi olmaqla qalmır, o həm də xalqın keçmişi, yaddaşı və danılmaz kimliyi məsələsidir".
Dərsliklərdə vətənpərvər yönümdə təbliğatların aparılması, milli kimlik, qürur kimi mövzuların mətnlərdə tərənnüm olunması, müəllimlərin və valideynlərin birgə səyi, məşğələlərin müəyyən təhlil və yazı bacarıqları üzərində qurulmaları ən müsbət təsiredici amillərdəndir.
Bunu sadə həqiqətlə ifadə etsək, Azərbaycan dili şagirdin öz dilidir, gündəlik ünsiyyət dilidir. Şagird bu dillə təkcə məktəbdə “məşğul olmur”; evdə, bayırda, sosial mediada – bir sözlə, gündəlik həyatın hər sahəsində onunla qarşılaşır. Dillə bu cür sıx təmas istər-istəməz təhtəlşüurda özünə yer edir. Məsələnin digər tərəfinə keçək: axı tarix, coğrafiya, riyaziyyat kimi fənlər də Azərbaycan dilində tədris olunur, bəs onlardan alınan nəticə niyə elə də yüksək olmur? Burada da anlaşılmazlıq yaradan böyük fərq yoxdur. Qeyd olunan fənlərdə çoxlu terminlər olur və bunlar da şagirdin anlaması və hamısını yadda saxlaması üçün çətinlik yaradır.
Və son olaraq, yüksək nəticələr məktəblərdə Azərbaycan dili fənninin tədrisinin yüksək keyfiyyəti ilə əlaqədar ola bilər. Müəllimlərimizin peşəkarlığı, qiymətləndirmə meyarları, şagirdlərin özlərinin xüsusi maraqları başlıca rol oynayır. Dərsliklərdə vətənpərvər yönümdə təbliğatların aparılması, milli kimlik, qürur kimi mövzuların mətnlərdə tərənnüm olunması, müəllimlərin və valideynlərin birgə səyi, məşğələlərin müəyyən təhlil və yazı bacarıqları üzərində qurulmaları ən müsbət təsiredici amillərdəndir".