Son illərdə şagirdlərin coğrafiya fənninə marağının azalması və bu fənn üzrə imtahan nəticələrinin zəifliyi təhsil sahəsində ciddi narahatlıq doğurur. Coğrafiya kimi həyati əhəmiyyətə malik bir fənnin kölgədə qalması, onun tədrisindəki yanaşmalarla, eləcə də təhsil sistemindəki qrup yönümlü seçim narahatlıq doğrur.
Maraqlı məqam isə budur ki, ümumi ortalamada coğrafiya fənni üzrə zəif nəticələrin yaranmasına əsas səbəb müəllim faktorudur, yoxsa şagirdin dərsə münasibəti?
AzEdu.az-a mövzu ilə bağlı Coğrafiya müəllimi, “Örnək müəllim” Turanə Abbasova açıqlama verib
O qeyd edib ki, bəzi müəllimlər müasir texnologiyalardan, interaktiv metodlardan istifadə etmirlər
"Mənim fikrimcə, ilk əvvəl coğrafiya fənninə marağın olmamağı, fənnin qəbul zamanı yalnız II qrupda olması ilə bağlıdır. Şagirdlər əsasən III və I qruplara yönəlirlər və ən pisi odur ki, valideynlər övladlarını artıq VI sinifdən hansısa qrupa istiqamətləndirirlər. Bu qruplar arasında xüsusilə I və III qrup üstünlük təşkil edir. Amma mən düşünürəm ki, coğrafiya ən azı tarix qədər vacib fəndir.
Ən vacib amillərdən biri müəllim faktorudur. Müəllim fənni necə çatdırırsa, şagird də onu elə qəbul edir. Sırf test yönümlü, monoton, passiv dərslər motivasiyanı öldürür. Bəzi müəllimlər müasir texnologiyalardan, interaktiv metodlardan istifadə etmirlər. Vizual materiallarla zəngin dərs – xəritələr, videolar, interaktiv proqramlar (məsələn: Google Earth, Kahoot testləri) – dərsi daha maraqlı edir".
Qiymətləndirmə yalnız testlə yox, təqdimat, layihə, xəritə təhlili də olmalıdır
"Mövzunu gündəlik həyatla əlaqələndirmək də vacibdir. Məsələn, "Nə üçün Bakı küləklidir?", "İqlim dəyişikliyi bizim kəndə necə təsir edir?" kimi suallar motivasiyanı artırır. Qrup işi və debatlar, məsələn "Ən əlverişli yerləşmə hansı ölkədədir?" mövzusunda müzakirələr, şagirdlərin düşüncəsini inkişaf etdirir. Fərdiləşdirilmiş tapşırıqlar hər şagirdin öyrənmə səviyyəsinə uyğun material təqdim etmək vacibdir. Qiymətləndirmə də balanslı olmalıdır. Yalnız testlə yox, təqdimat, layihə, xəritə təhlili də nəzərə alınmalıdır. Bir də ki, ümumilikdə imtahan zamanı düşən suallar sırf dərslərə əsaslanmalıdır. Coğrafiya fənnində zəif nəticələrin aradan qaldırılması üçün müəllimlər məzmunu həyatla əlaqələndirməli, texnologiyalardan istifadə etməli, fərqli öyrənmə tiplərinə uyğun dərs planlamalı, şagirdlər isə dərsin passiv deyil, aktiv iştirakçısı olmalıdırlar".