Müəllimlərin MİQ və sertifikasiya imtahanlarında zəif nəticə göstərməsini “həyəcan”la izah etməsi həm pedaqoji baxımdan, həm də təhsil siyasəti kontekstində ciddi təhlil olunmalı problemdir.
AzEdu.az-a bu sözləri təhsil eksperti Kamran Əsədov söyləyib.
Onun sözlərinə görə əgər bir müəllim öz peşə fəaliyyətinin qiymətləndirildiyi rəsmi imtahanda emosiyalarını idarə edə bilmirsə, bu, artıq şəxsi psixoloji çətinlikdən çıxaraq, peşə standartlarının pozulması səviyyəsinə çatır: "2024-cü il üzrə sertifikasiya prosesində iştirak edən müəllimlərin nəticələri göstərdi ki, ciddi hazırlıq olmadan uğur qazanmaq mümkün deyil. Rəsmi statistikaya əsasən, bəzi fənlər üzrə 40 faizdən çox müəllim minimum keçid balını toplaya bilməyib. İkinci dəfə sertifikasiyaya girən müəllimlərin 50 faizindən çoxu yenidən uğursuz nəticə göstərib. Bu rəqəmlər göstərir ki, söhbət sistemli hazırlıq və peşəkar bilik çatışmazlığından gedir. Belə bir zəif nəticənin əsasını sadəcə “həyəcan”la izah etmək həm qeyri-ciddidir, həm də təhsil ictimaiyyətini çaşdırmaq cəhdidir"
Müəllim özü daxili sabitliyə malik deyilsə, bu, birbaşa tədrisin keyfiyyətinə mənfi təsir edir
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.1-ci maddəsinə görə, “müəllim peşəkar hazırlığa və pedaqoji fəaliyyət üçün tələb olunan keyfiyyətlərə malik olmalıdır”. Bu keyfiyyətlər sırasında liderlik, kommunikasiya, davranışın tənzimlənməsi və psixoloji davamlılıq xüsusi yer tutur. Müəllim auditoriyanı idarə edən şəxsdir. Əgər bu şəxs öz psixoloji gərginliyini idarə edə bilmirsə, o zaman şagirdlərin və valideynlərin etimadını qazanmaq imkanları da azalır. Tədris prosesi yalnız bilik ötürmək deyil, həm də emosional və sosial sabitliyi qorumaq üzərində qurulmalıdır".