"Akademik fəaliyyət mahiyyət etibarilə cəmiyyətə xidmət edən, bilik yaradan, düşüncəni inkişaf etdirən bir missiyadır. Bu missiyanın daşıyıcısı olan alim və müəllimlər cəmiyyətin intellektual təməlini formalaşdırırlar".
Bu fikri AzEdu.az-a açıqlamasında açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, son dövrlərdə müşahidə olunan narahatedici tendensiyalardan biri də akademik şəxslərin öz dəyərini daha çox sosial statuslar, rəsmi ünvanlar və görünən etiketlərlə müəyyən etməyə meylli olmalarıdır:
"Bu hal, təəssüf ki, elmi fəaliyyətin dərinliyini yox, tanınma formasını əsas ölçü vahidinə çevirir.Bir şəxsin elmi nüfuzu sosial şəbəkələrdə reklam ilə yox, ortaya qoyduğu tədqiqatlarla, elmi nəticələrlə və intellektual təsiri ilə müəyyən olunmalıdır. Amma bəzi hallarda “ilk bu mövzuda ” tədqiqatçı kimi statusları paylaşmaq, akademik motivasiyanın daxili deyil, xarici faktorlara bağlı olduğunu göstəricısıdir.
Elm adamının tanınması yaxşı bir nəticədir, lakin məqsəd olmamalıdır. Tanınmaq üçün çalışanlar zamanla elm yaratmaq əvəzinə, görünmək üçün çalışır, məqalə əvəzinə post, monoqrafiya əvəzinə status yazır, akademik konfrans yerinə mükafat mərasimlərində görünməyə üstünlük verir. Nəticədə, elmin daxili məzmunu yavaş-yavaş forma qarşısında əriyir.
Akademik mühit, əslində, şəxsi dəyərlərin və daxili motivasiyanın ən güclü işlədiyi sahə olmalıdır. Bu mühitdə dəyər “nə qədər görünürəm” sualı ilə yox, “nə qədər fayda yaradıram” prinsipi ilə ölçülməlidir. Akademik şəxsə verilən ən böyük mükafat, onun ideyalarının gələcəkdə yaşayacaq olmasıdır. Qısaömürlü medallar və titullar deyil, düşüncənin davamlılığı akademik həyatın əsasıdır.
Əgər bir akademik şəxs öz dəyərini yalnız sosial statuslarla hiss edirsə, bu, artıq elmi fəaliyyətin öz məqsədindən uzaqlaşdığını göstərir. Belə bir model, elmi ideyaların deyil, şəxsi imiclərin yarışdığı bir məkana çevrilmək riski daşıyır. Akademik mühit bu tendensiyanı doğru qiymətləndirməli və həqiqi dəyəri səssiz, lakin davamlı əməyin içində axtarmalıdır".