Müəllimlərin işə qəbulu, sertifikasiya, diaqnostik qiymətləndirmə kimi proseslər təhsildə keyfiyyətin artırılmasına xidmət edir və son illərdəki təhsil sahəsində mühüm yeniliklər sırasındadır.
Maraqlıdır, təhsil sahəsində hansı boşluqlar daha çox diqqət çəkdi ki, bu istiqamətdə islahatların aparılmasına ehtiyac yarandı?
AzEdu.az mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və
Magistrlər Cəmiyyətinin sədri, İlqar Orucov ilə həmsöhbət olub.
O, qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş sistemin tətbiqi, şəffaflığın təmin olunması və savadlı müəllimlərin seçilməsi bu sahədə ciddi dönüş nöqtəsi oldu: "Təbii ki, əvvəlki illərdən qalan müəyyən boşluqlar mövcuddur və eyni zamanda biz iddia edə bilmərik ki, hazırda təhsil sahəsində hər şey idealdır və görülən bütün işlər qənaətbəxşdir. Təhsil elə bir sahədir ki, dünyanın inkişaf etmiş, təhsil baxımından öndə gedən ölkələrində belə zaman-zaman islahatlara ehtiyac duyulur. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, həmin ölkələrdə inkişafı təmin edən əsas sahələr məhz təhsil və elmdir. Bu səbəbdən də Azərbaycanda təhsilə yeni baxış formalaşdırılmalı idi".
Təhsil sahəsində kifayət qədər boşluqlar olub
"Müstəqilliyimizin ilk illərindən başlayaraq təhsil sahəsi böhran yaşayıb. Lakin təhsilin inkişafına dair siyasi iradə ölkəmizdə hər zaman mövcud olub. Yeni hakimiyyətin formalaşmasından sonra da müstəqilliyimizin ilk, çətin illərində təhsil sahəsi bu çətinliklərdən kənarda qalmayıb.
Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bu inkişafla uyğun şəkildə, ölkədə təhsilin inkişafın lokomotivi rolunda çıxış etməsinə yönəlmiş siyasi xətt yürüdülür. Zamanında təhsil sahəsindəki boşluqlar istər məktəbəqədər təhsildə, istər orta ümumi təhsildə, istər ali təhsildə, istər orta ixtisas təhsilində, həmçinin peşə təhsilində ciddi şəkildə müşahidə olunub.
Xüsusilə müstəqilliyin ilk illərində bu boşluqlar kadr potensialının formalaşmasında da özünü göstərib. Məktəblərdən çoxlu sayda savadlı və istedadlı müəllimlər təhsil sahəsini tərk ediblər. Onların yerini isə qeyri-ixtisasçılar, saxta diplomlular və ya müxtəlif yollarla ali təhsil müəssisəsini bitirmiş şəxslər doldurub. Təbii ki, bu şəraitdə təhsildə keyfiyyətdən danışmaq mümkün deyil".
İllərlə məktəbdə işləyiblər, amma bilik və bacarığa malik deyillər
"Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş sistemin tətbiqi, şəffaflığın təmin olunması və savadlı müəllimlərin seçilməsi bu sahədə ciddi dönüş nöqtəsi oldu. Eyni zamanda, mövcud müəllimlərin biliklərinin qiymətləndirilməsi istiqamətində də mühüm işlər görülür. Bu proses məktəblərdə uzun illər müəllimlik edən, lakin əslində bu peşəyə uyğun olmayan şəxsləri də üzə çıxardı.
Artıq zaman yetişib ki, biz məktəb təhsilinin keyfiyyətinə ciddi yanaşmalıyıq. Problemlər yalnız orta məktəblə məhdudlaşmır. Ali təhsil müəssisələrimizdə zamanında müşahidə olunan neqativ hallar rüşvət və digər pozuntular bu gün məktəblərdə savadsız insanların çalışması ilə nəticələnib.
Ona görə də biz təhsilin bütün pillələrində keyfiyyətin təmin olunmasına eyni dərəcədə diqqət yetirməliyik. Təhsil islahatları təkcə orta məktəblərlə kifayətlənməməlidir. Universitetlərdə də keyfiyyət təmin edilməli, orta ixtisas məktəblərində də eyni yanaşma tətbiq olunmalıdır".
Uzun müddət ali təhsil sahəsində səsləndirilən tənqidlər əsaslı olub
"Mən düşünmürəm ki, bu tənqidlər kimisə hədəf alma məqsədi güdür. Hamımız bilirik ki, biliyi və savadı olmayan bir kadr gələcəkdə cəmiyyət üçün böyük problemlər yarada bilər. Eyni zamanda təhsilin məzmununun yenilənməsinə ciddi ehtiyac var. Artıq dünyada yeni trendlər var. Biz 4-cü sənaye inqilabının çağırışları ilə üz-üzəyik və bu çağırışlardan geri qalmaq ölkənin ümumi inkişafına maneə ola bilər.
Məktəblərin idarə olunması sahəsində də ciddi problemlər qalmaqdadır. Direktorların işə qəbulunda vahid sistem olsa da, təəssüf ki, yeni təyin olunan direktorlar da bəzən gözləntiləri doğrultmurlar. Bu səbəbdən biz yanaşmalarımızı, formatlarımızı dəyişməliyik. Keyfiyyət təkcə müəllimlə yox, həm də məzmunla bağlıdır. Dərsliklər, proqramlar yenilənməlidir və bu istiqamətdə görüləsi çox iş var. Sevindirici haldır ki, artıq bu sahədə siyasi iradə mövcuddur və təhsildə güzəşt anlayışı aradan qaldırılır. Bu, çox önəmlidir".
Məktəblərə yalnız təhsil verən müəssisə kimi baxmamalıyıq
"Ali təhsil müəssisələrinin inkişafına diqqət artırılmalıdır. Son illərdə müəyyən işlər görülsə də, problemlər hələ də qalır. Universitetlərimizdə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin verilməsi üçün zəruri infrastruktur, təəssüf ki, mövcud deyil. Bu isə olduqca vacib məsələdir. Təhsil sahəsində hələ də böyük problemlər var. Universitetlərimizin inkişafı üçün müəllim heyətinin potensialı və yeni ixtisasların yaradılması da mühüm istiqamətlərdəndir".