Böyük Britaniyanın paytaxtı Londonda beynəlxalq tələbələrə qarşı planlaşdırılan əlavə rüsum siyasəti ciddi tənqidlərə səbəb olub. London meri Sadiq Xan bu təşəbbüsü “ölkənin öz iqtisadiyyatına qarşı atdığı addım” adlandırıb.
Mer hesab edir ki, bu cür qərarlar həm Londonun qlobal akademik nüfuzuna, həm də şəhər iqtisadiyyatına zərər vuracaq. O bildirib ki, hazırda xarici tələbələrin Böyük Britaniya iqtisadiyyatına illik töhfəsi təxminən 12.5 milyard funt sterlinq təşkil edir və bu tələbələr şəhərin inkişafında mühüm rol oynayır.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, müzakirəyə səbəb olan dəyişikliklərə əsasən, hökumət beynəlxalq tələbələrin ölkədə qalma müddətini hazırkı iki ildən 18 aya endirməyi və əlavə rüsum tətbiq etməyi planlaşdırır.
Sadiq Xan bu siyasətin əslində təhsilə yox, immiqrasiyaya qarşı sərt münasibətin nəticəsi olduğunu bildirib. O, vurğulayıb ki, bu, yalnız universitetlərə deyil, eyni zamanda şəhərdə çalışan, xidmət sektorunda fəaliyyət göstərən on minlərlə insana da mənfi təsir göstərəcək.
Merin fikirlərini dəstəkləyən London Higher təşkilatı da əlavə edib ki, təhsilə bu cür yanaşma Britaniyanın rəqabət üstünlüyünü zəiflədə və digər ölkələrin – xüsusilə Kanada və Avstraliyanın – tələbə axınına daha çox cəlbedici şərait yaratmasına səbəb ola bilər.