Texnologiyanın sürətli inkişafı, avtomatlaşdırma, süni intellekt və rəqəmsallaşma bir sıra peşə sahələrini dəyişməyə və ya tamamilə sıradan çıxarmağa başlayıb. Bu dəyişikliklər bəzi ixtisaslara olan tələbatı azaltmaqla yanaşı, yeni peşə sahələrinin də yaranmasına səbəb olur. Texnoloji transformasiyalar bəzi peşələri sıradan çıxarsa da, bu dəyişikliklər yeni ixtisaslar və bacarıq sahələri üçün böyük fürsətlər yaradır. Əsas məsələ - zamanında bu dəyişikliyi qəbul edib, yeni sahələrə adaptasiya olmaq və gələcəyin əmək bazarına hazırlaşmaqdır.
Gələcəkdə texnologiya o qədər inkişaf edəcək ki, artıq bir çox sahələrdə insan əməyi azalacaq.Yəni insanların gördüyü işləri mexaniki avtomatik avadanlıqlar həyata keçirəcək deyə, daha çox xidmət sektorunda insanların əməyinə ehtiyac duyulacaq. Texnologiyanın hər gün sürətli yüksəlişi özü ilə yeni iş sahələri də gətirir. Avtomatlaşdırmaya keçidlə mövcud biznes xətləri daha çox texnologiya yönümlü müəssisələrlə əvəz olunur. Bu gün bir çox sektorlarda perspektivli peşələr kimi önə çıxan biznes sahələrini görmək mümkündür. Süni intellektin və avtomatlaşdırmanın gücü biznes sahələrini yenidən formalaşdırır.
21-ci əsrin ikinci rübündə dünya əmək bazarında köklü dəyişikliklər baş verir. Sürətlə inkişaf edən texnologiyalar, rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və pandemiya sonrası sosial dəyişikliklər bir çox ənənəvi peşələrin aktuallığını azaldarkən, tamamilə yeni peşələrin yaranmasına səbəb olub. Müasir dövrdə artıq iş dünyası daha çevik, rəqəmsal və yaradıcı bacarıqları olan kadrlara üstünlük verir.
Müasir dövrdə texnologiyanın sürətli inkişafı əmək bazarını dərin şəkildə transformasiya edir. Artıq ənənəvi peşə anlayışı dəyişməkdədir – sabit və uzunmüddətli ixtisasların yerini çevik, multidissiplinar və rəqəmsal bacarıqlara əsaslanan yeni peşələr tutur. Süni intellekt, data analitikası, rəqəmsal marketinq, kibertəhlükəsizlik və yaşıl enerji kimi sahələr son illərdə yaranmış və sürətlə böyüyən ixtisas sahələridir. Bu dəyişiklik təkcə texniki sahələrdə deyil, həm də sosial və humanitar sahələrdə özünü göstərir. Psixoloji dəstək xidmətləri, onlayn təhsil platformaları və virtual əməkdaşlıq alətləri yeni peşələrin əsasını təşkil edir.
Əmək bazarında baş verən struktur dəyişikliklər texnoloji inkişafla paralel şəkildə gedir. Rəqəmsallaşma, avtomatlaşdırma və süni intellekt yalnız sənaye və xidmət sektorlarını deyil, həm də insan resursları və peşə strukturlarını əsaslı şəkildə dəyişdirir. Yeni iqtisadi model artıq “bir peşə - ömürlük iş” anlayışını aradan qaldırır. Bunun yerinə adaptasiya qabiliyyəti, çeviklik və interdisiplinar bacarıqlar ön plana çıxır. Məsələn, 10 il əvvəl heç kim “data analitik”, “blockchain mütəxəssisi” və ya “UX dizayner” kimi peşələri tanımırdı. Bu gün isə bu sahələrə olan tələbat ildən-ilə 20-30 faiz artım göstərir. Ənənəvi ixtisaslar - xüsusilə də təkrarlanan və alqoritmlərlə əvəzlənə bilən sahələr - tədricən sıradan çıxacaq. Bu dəyişikliklər də əmək bazarının daha çevik və rəqəmsal formada yenidən qurulmasına səbəb olacaq.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bu gün ehtiyac olmayan ixtisaslar var ki, bir zamanlar onlar çox aktual idi. Bu ixtisası seçənlərin sayı da kifayət qədər idi. Ancaq bu gün o ixtisaslara tələbat yoxdur. Çünki bu gün o ixtisaslar aktual deyil: "Hesab edirəm ki, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Çünki zaman özü yeni ixtisasları diktə edir. Zamana uyğun ixtisasa yiyələnmək lazımdır. Deyirlər yeni ixtisaslar yarandıqca köhnə ixtisaslar sıradan çıxır. Əslində ixtisaslar sıradan çıxmır, biri digərinin içində əriyir. Bu gün fizika və kimya fakültəsi var. Gələcəkdə fizkimya, biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası əlaqə daha da
inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq".
Professorun sözlərinə görə, gələcəyi görmək çox çətindir. İndiki dövrdə isə ümumiyyətlə, mümkün deyil. İnkişaf gözlə qaş arasındadır. Dövrümüz çox sürətlə dəyişir. 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Fikrimcə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır. Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının, dental implantların gücləndirilməsində və digər sahələrdə istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında bu texnologiyadan istifadə olunması gözlənilir. Bəşəriyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır".
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, gələcəkdə texnologiya o qədər inkişaf edəcək ki, artıq bir çox sahələrdə insan əməyi azalacaq: “Yəni insanların gördüyü işləri mexaniki avtomatik avadanlıqlar həyata keçirəcək deyə, daha çox xidmət sektorunda insanların əməyinə ehtiyac duyulacaq. Konkret olaraq deyə bilərəm ki, hazırda Azərbaycanın əmək bazarında işləyən şəxslərin yalnız 38 faizi ali təhsillidir. Digər qisim isə təhsilsizdir. Bu, indinin tələbidir, bir neçə ildən sonra bir çox spesifik ixtisaslar üzrə onlara bir sıra sahələrdə ehtiyac duyulacaq. Məsələn, gələcəkdə müəllim peşəsinin bəzi sahələrinə artıq ehtiyac olmayacaq. Bu təcrübə artıq Finlandiyada, Cənubi Koreyada, Sinqapurda özünü göstərir. Gələcəkdə bizim gördüyümüz birpilləli ixtisaslar olmayacaq. Hazırda kənd təsərrüfatında fermer var, amma menecer yoxdur. Araşdırmalar onu göstərir ki, 2026-cı ilə qədər kənd təsərrüfatında fermer-menecerlərə ehtiyac olacaq. Kompüter sahəsində mütəxəssislərimiz var, amma analitik yoxdur. Növbəti 5 ildə onlara da ehtiyac olacaq. Hazırda maşınqayırma mütəxəssisi var, amma təəssüf ki, yük maşını sürücüsü ixtisası yoxdur. Yəni bu gün məhsulların daşınması üçün yüksək peşəkar işçilərə ehtiyac var. Eyni zamanda bizdə hazırda fizioterapevtlər yoxdur və yaxud həkimlik var, amma məktəblərdə tibb müəllimi ixtisası yoxdur".
Kamran Əsədov bildirib ki, bir neçə ixtisas var ki, onun gələcəkdə daha populyar olmaq ehtimalı yüksəkdir: “Hər gün yeni və daha təkmilləşmiş texnologiyalar yaradılır. Bu sahədə işləmək üçün mütəxəssislərə ehtiyac var. Məsələn, sibernetika, süni intellekt, maşın mühəndisliyi, blokçeyn, İoT (İnternetə bağlı əşyalar) və kiber təhlükəsizlik xüsusi maraq görür. İkinci yerdə tətbiqi tədqiqat və inkişaf gəlir. Tədqiqat və inkişaf sahəsi, müxtəlif sektorlarda yeniliklərə imza atmaq üçün daimi tələb görür. Bu sahəyə misal olaraq, biotexnologiya, nanotexnologiya, materiallar üzrə tədqiqat, enerji, hərbi texnologiyalar, mühəndislik kimi ixtisasları göstərmək olur. Gələcəkdə qeyd olunan sahələrə daha çox ehtiyac duyulacaq. Üçüncü perspektivli ixtisas sahəsi isə məhz mühəndislikdir. Mühəndislik, inkişaf edən dünyada daim əhəmiyyətli bir ixtisas olacaq. Mühəndislik sahəsindəki yenilikçi ideyalar, yeni layihələr, inkişaf etmiş texnologiyalar, enerji sahəsinin inkişafı kimi müxtəlif səbəblər, bu ixtisasa olan tələbi artıracaq. Nə qədər texnologiyalar inkişaf etsə də, tibb ixtisaslarına ehtiyac daima aktual olacaq”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun dediyinə görə, bir neçə il bundan əvvəl maliyyə sektoru, bank, bankçılıq və sairə, bunlar daha çox cəlbedici idi və əmək haqqı da yüksək dəyərləndirilirdi. Amma indi daha çox dar sahə olan informasiya texnologiyaları sahəsi yenə də populyar olaraq qalır: “Müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunduğu kimi peşələr də bir-birini əvəzləyir. Texnalogiyanın inkişafı yeni iş imkanları yaratdığı kimi, köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur. Məsələn, sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəllər telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildisə, bu gün hətta kiçik yaşlı uşaqlar belə mobil telefon vasitəsilə istədiyi şəxsə zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəllər bu peşə məsuliyyətli peşələrdən biri hesab olunurdu. Liftçilər kabinələrdə, onların ətrafında təmizliyə nəzarət edir, kənar şəxslərin liftdən boş-boşuna istifadəsinə imkan vermirdilər. Bəzən olurdu ki, bina sakinləri uzaq səfərə gedəndə evin açarını liftçiyə etibar edirdilər. Dərzi peşəsinə də maraq getdikcə azalmağa başlayıb. İnsanlar əksərən geyim mağazalarından paltar almağa üstünlük verir, çox az hallarda dərziyə üz tuturlar. Və yaxud illər öncə bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda makina arxasında çalışana rast gəlmək mümkündür. İndi bu makinaları noutbuklar, kompüterlər əvəz edib”.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, gələcəyin prioritet ixtisaslarından ən birincisi informasiya texnologiyaları ixtisasıdır. Bu sahə üzrə ixtisaslı kadrlara hazırda çox ciddi ehtiyac var. 5, 10, 15 il sonra da olacaq. Təəssüf ki, ölkə universitetlərində gənclərin İT üzrə təhsil imkanları qənaətbəxş səviyyədə deyil. Çünki universitetlərin informasiya texnologiyalarını tədris edən fakültələrində tədrisin səviyyəsi aşağıdır. 6-7 il öncənin proqramı tədris olunur. Bu səbəbdən də xarici universitetlərdə təhsil almaq istəyənlərin sayı durmadan artır. Gənclər yüksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün xaricə üz tuturlar: "Universitetlərin maddi-texniki bazası standartlara uyğunlaşdırılmalı, həm də sözügedən sahə üzrə xaricdə təhsil almış müəllimlər universitetlərə cəlb olunmalıdır. Əks təqdirdə gənclər bu sahə üzrə təhsil almaq, mütəxəssis kimi yetişmək üçün xarici ölkə universitetlərinə üz tutacaq. Təhsil aldıqdan sonra isə getdiyi ölkədə qalıb çalışacaq".
Nərmin Qarazadə