ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın rəhbərliyi ilə Təhsil Departamentində həyata keçirilməsi planlaşdırılan 1 400 əməkdaşın ixtisarına qanuni əsasla icazə verib. Bu qərar ABŞ təhsil sistemində ciddi struktur dəyişikliklərinin başlanğıcı kimi qiymətləndirilir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, tramp administrasiyası bu ixtisarları federal büdcəyə qənaət və “Təhsildə bürokratik şişirtmənin azaldılması” məqsədilə əsaslandırıb. Lakin tənqidçilər bu addımın təhsil sahəsində keyfiyyətin və xidmətlərin zəifləməsinə səbəb ola biləcəyindən narahatdırlar.
Digər tərəfdən, bir sıra ştat hökumətləri isə Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edərək, 7 milyard dollar məbləğində dondurulmuş təhsil fondlarının sərbəst buraxılmasını tələb edirlər. Onlar bildirirlər ki, bu vəsait ölkənin məktəb sisteminin bərpası, müəllim maaşlarının artırılması və infrastruktur yenilənməsi üçün həyati əhəmiyyət daşıyır.
Hazırda həm federal hökumətlə ştatlar arasında, həm də təhsil ictimaiyyəti içərisində bu dəyişikliklərlə bağlı ciddi müzakirələr gedir. Ekspertlər hesab edir ki, bu proses uzunmüddətli təhsil strategiyalarına və məktəblərin maliyyə sabitliyinə əhəmiyyətli təsir göstərə bilər.