Dünya üzrə erkən nikah hallarının qarşısını almaq üçün beynəlxalq çağırışlara baxmayaraq, bir çox ölkələrdə 2023–2024-cü illərdə qız uşaqlarının uşaq yaşda nikaha cəlb olunması davam edib. UNICEF, UNFPA və müxtəlif beynəlxalq təşkilatların son məlumatlarına əsasən, bir sıra ölkələrdə bu sahədə vəziyyət kritik olaraq qalır.
AzEdu.az mözvu ilə bağlı araşdırma aparıb.
İran
İranda qızların təxminən 17%-i 18 yaşdan əvvəl, 3%-i isə 15 yaşdan aşağı nikaha girib. Yalnız 2021–2022-ci illərdə 27 448 azyaşlının nikahı rəsmi şəkildə qeydə alınıb. Bu, ölkədə uşaq nikahlarının hələ də ciddi miqyasda olduğunu göstərir.
İraq
İraqda da vəziyyət narahatlıq doğurur. Qızların 28%-i 18 yaşdan, 7%-i isə 15 yaşdan əvvəl ailə qurur. 2024-cü ilin əvvəlində yayılan statistikaya görə, ölkədə təxminən 3.4 milyon qız uşağı erkən nikaha cəlb olunub.
Türkiyə
Türkiyədə son məlumatlara əsasən, qızların təxminən 26%-i yetkinlik yaşına çatmadan nikaha girir. 2010–2013-cü illər ərzində 504 957 azyaşlı (əsasən 16–17 yaşlı) qız rəsmi şəkildə ailə həyatı qurub.
Nigeriya
Afrikanın ən sıx əhalili ölkəsi olan Nigeriyada vəziyyət xüsusilə acınacaqlıdır. Qızların 44%–48%-i 18 yaşdan əvvəl, 24%–58%-i isə regiondan asılı olaraq 15 yaşdan əvvəl nikaha daxil olur. UNICEF-in 2024-cü il məlumatlarına əsasən, ölkədə 24.4 milyon qız uşağı erkən nikaha cəlb edilib.
Litva
Avropa İttifaqının üzvü olan Litvada 2022-ci ildə 21 uşaq cütlüyü yetkinlik yaşına çatmamış halda nikaha girib. Nisbətən aşağı olsa da, bu ölkədə də erkən nikah halları tam aradan qalxmayıb.
Sudan
Sudanda qızların 34%-i 18 yaşdan, 12%-i isə 15 yaşdan əvvəl ailə qurur. 2020–2022-ci illərdə nikah yaşı qanuni olaraq 18-ə qaldırılsa da, əvvəlki qanunvericilik 10 yaşdan belə nikahları mümkün edirdi.
Yunanıstan
Avropanın cənubunda yerləşən Yunanıstanda 2000–2021-ci illər arasında 19 yaşdan aşağı olanlar arasında 37 058 nikah qeydə alınıb. Bunlardan 835-i isə 15 yaşından da aşağı olan şəxslər arasında baş tutub. Bu nikahların 84%-i qız uşaqlarına aiddir.
Pakistan
Pakistan da yüksək göstəricilərlə siyahıya daxildir. Qızların 18.3%-i 18 yaşdan əvvəl, 3.6%-i isə 15 yaşdan aşağı nikaha girir. Ümumilikdə, təxminən 19 milyon qız uşağı erkən nikahla üzləşib.
Gürcüstan
Gürcüstanda isə 2022-ci ilin statistik məlumatlarına əsasən, qızların 9%-i 18 yaşdan əvvəl, təxminən 1%-ə qədəri isə 15 yaşdan əvvəl nikaha girib. UNICEF və UNFPA-nın araşdırmalarına görə, hüquqi boşluqlar səbəbindən qeyri-rəsmi və gizli nikah halları da geniş yayılıb.
Belə ki, erkən nikah hələ də həm inkişaf etməkdə olan, həm də bəzi Avropa ölkələrində ciddi sosial və insan hüquqları problemidir. Qlobal təşkilatlar bu tendensiyanı azaltmaq üçün hüquqi və sosial mexanizmlərin gücləndirilməsini zəruri hesab edir. Qızların təhsildən yayındırılması, zorla nikah və erkən doğum riskləri bu cür evliliklərin yaratdığı əsas təhlükələrdəndir.