Azedu.az

Abituriyentlərin nəzərinə: Bu ixtisas qrupunda ballar ARTA BİLƏR

Xəbərlər

15 İyul 2025, 11:15
Abituriyentlərin nəzərinə: Bu ixtisas qrupunda ballar ARTA BİLƏR

I və IV ixtisas qrupları üzrə abituriyentlər sonuncu qəbul imtahanlarını verdilər. Lakin,imtahandan sonra sosial şəbəkələrdə riyaziyyat fənninin əvvəlki imtahana nisbətən xeyli çətin olduğu bildirildi.Bu isə belə bir sual doğurur: keçən dəfə I və IV qruplar üzrə 7 nəfər maksimum bal toplamışdı. Bu fakt həmin imtahanın II və III qruplarla müqayisədə daha asan olduğunu deməyə əsas verirdi.

İndi sualların səviyyəsinin yüksəldilməsi məhz əvvəlki imtahanda sualların asan olmasıyla bağlıdır?

AzEdu.az mözvu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevlə həmsöhbət olub. 

Onun sözlərinə görə buraxılış imtahanında 200-ə yaxın bal toplayan abituriyentlər blok imtahanında 25%-lik nəticəni keçməkdə çətinlik çəkirlər:

"Ümumiyyətlə birinci cəhd blok imtahanının nəticələrinə baxdıqda, 2-ci və 3-cü ixtisas qruplarında, eləcə də 1-ci və 4-cü qruplarda ciddi çətinlik müşahidə olunmurdu. Xüsusilə də 2-ci və 3-cü qruplarda tarix fənninin çətinliyinə bağlı ictimaiyyətdə narahatlıq var idi.

Amma bu dəfəki imtahanda 2-ci və 3-cü qruplarda suallar bir qədər sadələşdirilib, 1-ci və 4-cü qruplarda isə  sizin də qeyd etdiyiniz kimi riyaziyyat fənni üzrə suallar nisbətən çətinləşdirilib. Əslində, Azərbaycan dili də 2-ci və 3-cü qruplarda bir qədər çətin olub, amma əvvəlki imtahanla müqayisədə elə də fərq edilməyib.

Bu dəfə isə 1-ci və 4-cü qruplarda, 2-ci cəhd imtahanında, 2-ci və 3-cü qruplara nisbətən daha çox çətinlik müşahidə olundu. Ümumiyyətlə belə deyim ki, biz müəyyən abituriyentlərlə görüşürük, onların balları ilə bağlı məlumatlar alırıq və müşahidə edirəm ki, buraxılış imtahanında 200-ə yaxın bal toplayan abituriyentlər blok imtahanında 25%-lik nəticəni keçməkdə çətinlik çəkirlər".

Ekspert qeyd edib ki, bu isə təbii olaraq blok imtahanında sualların çətinliyi ilə bağlıdır və bu çətinlik, istər-istəməz balların səviyyəsinə təsir edir:

"Ballar qalxmayacaq, əksinə, enəcək deməkdir. Düzdür, bunu indidən qəti şəkildə söyləmək doğru olmaz. Əsas nəticələr və statistika açıqlandıqdan sonra bu barədə daha dəqiq danışmaq olar. Amma ilkin müşahidələrim onu göstərir ki, bu ilki ballar keçən illə müqayisədə artmayacaq. Yəni balların qalxması ehtimalı azdır. Əksinə, müəyyən qədər enmə müşahidə oluna bilər. Maksimal bal toplayanlara gəldikdə isə onu deyə bilərəm ki, 700 bal toplayanlar yalnız buraxılış imtahanında 300 bal toplayanlar arasından çıxmalıdır. Çünki 300 baldan aşağı nəticə göstərmiş abituriyentlərin 700 bal toplaması faktiki olaraq mümkün deyil".

"Blok imtahanında 400 bal toplayanlara gəldikdə isə, bunu ancaq ümumi nəticələr açıqlanandan sonra dəqiq biləcəyik. Amma mən ehtimal etmirəm ki, bu imtahanda maksimal bal toplayanların sayı çox olacaq", deyə ekspert bildirib:

"Çünki, xüsusilə 1-ci və 4-cü qruplarda sualların çətinliyi ciddi şəkildə vurğulanırdı. Təbii ki, bu bizim ilkin müşahidə və təhlillərimizdir. Əsas nəticəni isə Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının yekun statistikası açıqlanandan sonra verəcək. Həmin statistikaya əsasən, keçən illə müqayisədə hansı ixtisas qruplarında balların yüksələcəyi və ya enəcəyi ilə bağlı daha dəqiq proqnoz vermək mümkün olacaq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox