Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.
Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.
Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?
AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri kimdir?
Bu təhsil idarəsinə hazırda Fuad Bədəlov rəhbərlik edir.
Fuad Əyyub oğlu Bədəlov 2001-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olub və 2005-ci ildə bakalavriat təhsilini tamamlayaraq həmin ildən pedoqoji fəaliyyətə başlayıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci bakalavriat təhsili alıb.
2010-2012-ci illərdə Qubadlı rayon Mərdanlı kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləyib. 2012-ci ildə Qubadlı rayon Xocahan kənd tam orta məktəbinə direktor təyin olunub və 2017-ci ilədək bu vəzifədə çalışıb.
2017-ci ilin yanvar ayında Qubadlı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2022-ci ilin aprel ayının 29-dan Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.