Azedu.az

"Region universitetləri zəifdir” fikri ilə heç vaxt razılaşmamışam- SOSİOLOQ

Xəbərlər

Universitetlər

14 İyul 2025, 16:12
"Region universitetləri zəifdir” fikri ilə heç vaxt razılaşmamışam- SOSİOLOQ

Mən heç vaxt o fikirlə razılaşmamışam ki, bölgələrdə yerləşən universitetlərin təhsil səviyyəsi paytaxtdakı universitetlərin səviyyəsindən aşağıdır. Əksinə, sertifikasiya imtahanından keçən müəllimlərin əksəriyyəti məhz bölgə universitetlərinin məzunlarıdır. Onlar yüksək nəticələr əldə ediblər.

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə keyfiyyətli təhsil hər yerdə mövcuddur:

"Bu müəllimlər arasında mənim tanıdıqlarım da var. Həm vaxtilə mənə dərs deyən müəllimlər, həm də sosial şəbəkələrdən tanıdığım insanlar. Onların hər biri bölgə universitetlərini bitirib və bu gün sertifikasiya imtahanından uğurla keçiblər.

Bu baxımdan, abituriyentlərin, xüsusilə də qız və oğlanların mütləq şəkildə Bakıda təhsil almaq istəyini anlamıram və bu yanaşmanı dəstəkləmirəm. Universitet yalnız Bakıda yerləşmir. Keyfiyyətli təhsil hər yerdə mövcuddur. Vicdanlı, savadlı müəllim ölkənin istənilən yerində vicdanlı və savadlıdır. Təhsilin keyfiyyəti yalnız coğrafiyaya bağlı olmamalıdır".

Həmsöhbətimiz qeyd edib ki, bəzən düşünürlər ki, paytaxtdakı təhsil daha üstündür. Əslində, bu düşüncə Bakının parıltılı, cazibədar həyatına olan maraqdan doğur:

"Bir gənc əgər Bakıda  oxumaq arzusundadırsa və eyni səviyyəli bir bölgə universitetində təhsil almaq imkanı varsa, mən bölgə universitetini seçməsini daha məqsədəuyğun hesab edirəm. Çünki bu halda o həm evinə yaxın olur, ailəsi ilə əlaqəsi güclü qalır, həm də maddi baxımdan yük azalmış olur. Üstəlik, bu seçim insanların paytaxta axınının qarşısını da qismən alır.

Əgər bir tələbə həm bölgədəki, həm də Bakıda yerləşən universitetə qəbul olursa və özü də bölgədə yaşayırsa, mən onun bölgədəki universiteti seçməsini tövsiyə edirəm. Son illər tələbələrə elə bir təbliğat təqdim olunur ki, guya yalnız Bakıda keyfiyyətli təhsil mümkündür. Halbuki bu, doğru deyil. Mən Mingəçevir, Şəki, Qazax, Gəncə, Qarabağ kimi bölgələrdə yerləşən universitetlərdə təhsil alıb bu gün müəllim və ya digər peşə sahibi olan çox sayda savadlı insan tanıyıram".

"Təhsil Nazirliyi də bu məsələdə fəal mövqe tutmalıdır", deyə Lalə Mehralı qeyd edib:

"Bu məsələdə medianın da üzərinə böyük məsuliyyət düşür. Onlar bölgə universitetlərindəki təhsilin səviyyəsi barədə reportajlar hazırlamalı, müsahibələr götürməli, təbliğat aparmalıdırlar. Eyni zamanda, həmin universitetlər də özlərini tanıtmalı, maarifləndirici fəaliyyətlərlə çıxış etməlidirlər. Təhsil Nazirliyi də bu məsələdə fəal mövqe tutmalıdır. Çünki “yalnız paytaxtda təhsil almaq” anlayışı aradan qalxmalıdır.

Əgər bölgə universitetlərinə kifayət qədər tələbə qəbul olunmazsa, həmin universitetlərdə müəllimlər işsiz qalacaq, əməkdaş heyət dağılışacaq və nəticədə bu ali təhsil müəssisələri fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaqlar. Beləcə, bir gün onların qapısına qıfıl asıla bilər və biz yalnız paytaxtda cəmlənmiş bir təhsil sistemilə baş-başa qala bilərik. Necə ki, bu vəziyyət artıq iqtisadi sahədə yaşanır".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox