Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.
Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.
Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?
AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri kimdir?
Bu təhsil idarəsinə hazırda Bəhruz Mehdiyev rəhbərlik edir.
Mehdiyev Bəhruz Yusif oğlu 1986-cı ildə Bərdə rayonunda anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix ixtisası üzrə bakalavr, 2016-2018-ci illərdə ADA Universitetində Təhsil üzrə menecment ixtisası üzrə magistr təhsili alıb.
2009-2013-ci illlərdə “Mədəd Azərbaycan” MMC-də baş təlimçi, 2010-2013-cü illərdə Ağstafa rayonu Azər Yusifli adına Böyük Kəsik kənd tam orta ümumtəhsil məktəbində müəllim, 2013-2014-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzində mütəxəssis vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksinin icraçı direktoru kimi fəaliyyət göstərib.
2022-2023-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Elm və təhsil naziri Emin Əmrullayevin 15 dekabr 2023-cü il tarixli əmri ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.