Avstraliyanın aparıcı ali təhsil müəssisələrindən biri olan CQUniversity-nin xarici tələbələr üçün təqdim etdiyi online Uşaq Baxımı üzrə Diplom proqramı ciddi nəzarət altına alınıb. Yerli media və təhsil orqanlarının yaydığı məlumata görə, proqramın məqsədinin tələbələrə real təhsil verməkdən daha çox Avstraliya vizası almaq olduğu iddia edilir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, proqram çərçivəsində tələbələrə nəzərdə tutulmuş praktiki təcrübə (placement) imkanları tam şəkildə təmin edilmir. Bu isə Avstraliya Təhsildə Keyfiyyət və Standartlar Agentliyi (TEQSA) tərəfindən təyin olunmuş standartlara ziddir. Nəticədə proqramın tədris keyfiyyəti və məqsədi ciddi şəkildə sual altına alınıb.
Məsələ ilə bağlı təhsil orqanları tərəfindən araşdırma başladılıb. TEQSA və əlaqədar qurumlar universitetin proqramda şəffaflıq və tələbə rifahına uyğun hərəkət edib-etmədiyini yoxlayır. Rəsmi mənbələrdən bildirilib ki, bu cür halların artması Avstraliyanın beynəlxalq təhsil nüfuzuna zərər vurur.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu tip proqramlar vasitəsilə təhsildən çox viza imkanları ön plana çıxarılır. Bunun nəticəsində isə həm tədrisin səviyyəsi aşağı düşür, həm də ölkədə qeyri-peşəkar kadrların artmasına yol açılır.
CQUniversity məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib. Universitetin daxili araşdırmalara başladığı və lazımi islahatlara getməyə hazır olduğu bildirilir.