Azedu.az

Cənub təhsilində böhran: Saxta diplomlar və keyfiyyətsiz müəllimlər

Xəbərlər

10 İyul 2025, 15:22
Cənub təhsilində böhran: Saxta diplomlar və keyfiyyətsiz müəllimlər

Nazirin fikirləri düşündürücüdür və mütləq şəkildə yollar ayrılmalıdır. Biz hər zaman vurğulayırıq ki, orta məktəblərimizdə xarici dil təhsili keyfiyyətsizdir. Məktəbi bitirən məzun elementar səviyyədə ingilis dilində danışa bilmir.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, İlqar Orucov bildirib.  

Onun sözlərinə görə küçədən keçən insana pul qarşılığında xarici dil müəllimliyi diplomu verilib:

"Qonşu Gürcüstan məktəblərində isə gənclərin xarici dil bilikləri Azərbaycandan xeyli üstün səviyyədədir. Digər ölkələrdə də vəziyyət belədir. Səbəb nədir? Səbəb keyfiyyətsiz müəllimlərin məktəblərə daxil olmasıdır. Xüsusilə Astarada təhsil səviyyəsinin niyə aşağı düşməsi barədə sual yaranır. Görünür, Astarada təhsil demək olar ki, çöküb. Mən xatırlayıram ki, nazirlə söhbətlərimin birində qeyd etdim ki, ümid edirəm Cənub bölgəsində müəllimlərin nəticələri yaxşı olacaq, lakin nazir mənə bildirdi ki, əksinə zəif müəllimlərin sayı daha çox olacaq. 

Məsələyə araşdırma aparanda gördüm ki, bəzi şəxslər orta məktəbdə ingilis dili dərsləri almadan, hətta qiymət belə götürmədən, sonradan Astara Pedagoji Kollecində ingilis dili ixtisası üzrə diplom alıb və indi həmin məktəbdə müəllim işləyirlər.

Bu nə deməkdir? Küçədən keçən insana pul qarşılığında xarici dil müəllimliyi diplomu verilib. Astaradakı və ümumiyyətlə cənub bölgəsindəki kolleclərdə qanunsuz tələbə qəbulları olub vaxtilə.
Bunun nəticəsində təhsili bazara çevirən, saxta diplomlu, amma savadsız müəllimlər yaranıb".

Həmsöhbətimiz qeyd edib ki, bu problemi yalnız kolleclərdə deyil, ümumilikdə təhsil sistemində müşahidə etmək mümkündür. Biz bunu ibtidai sinif müəllimlərində də gördük:

"Mən keçmiş təhsil sistemini tənqid edərkən göstərirdim ki, nəyə görə dövlət xətti ilə kollecə 100 nəfər qəbul olunduğu halda, 500 nəfər diplom alır? Bu qanunsuz köçürmələrin nəticəsi idi. Belə şəxslər yalnız məktəblərdə deyil, müxtəlif dövlət qurumlarında vəzifələrdə də çalışırlar. Məsələn, 48 yaşında universitet diplomu alan adamlar var. Bu, cəmiyyəti iflic edən və təhsilə rüşvət kimi baxan şəxslər bunlardır.

Keçmiş rektorların hamısı oliqarxlara çevrilib. Deməli vaxtı ilə onlar üçün də şərait yaradılıb. İndi isə məktəblər ilk növbədə savadsız kadrlardan təmizlənməlidir. Saf və məsuliyyətli insanlardan ibarət olmalıdır. Cəmiyyət də yalancı himayəçilikdən əl çəkməlidir.

Sertifikasiya prosesinə qarşı cəmiyyətdə müxtəlif reaksiyalar var, nazirliyi tənqid edənlər çoxdur. Mən nazirliyin vəkili deyiləm, amma alim və ziyalı kimi bu  Nazirlik tərəfindən atılan addımların doğru olduğunu düşünürəm".

"Sertifikasiya müəllim nüfuzunun yüksəlməsinə xidmət edir. Zamanla orta məktəb müəllimləri cəmiyyətdə ən yüksək maaş alan şəxslərdən biri olacaq",deyə müsahibimiz bildirib:

"Lakin müəllimlərdən ciddi tələblər olmalıdır və ən savadlı insanlar məktəbdə işləməlidir. Sertifikasiya prosesi yeni başlayıb, lakin bu da dərinləşməlidir. Xüsusilə kollec məzunu ibtidai sinif müəllimlərdə vəziyyət daha ağırdır. Onlar bəzən hətta elementar səviyyədə hesab bilmirlər, amma illərlə xalqın gələcəyini məhv edib. Bu, göz yumulacaq problem deyil.

Cəmiyyət təhsilin inkişafı üçün səfərbər olmalı, dəstək verməlidir. Mən bu prosesin içindəyəm və fikirlərimi mətbuatda dəfələrlə açıqlamışam. Əsas məsələ məktəblərin azad olmasıdır – sözün tam mənasında azad olması. Xarici dil müəllimləri ilə bağlı vəziyyət çox ürəkaçan deyil. İllərlə dövlət tərəfindən maaş alan, amma vəzifələrini zəbt edən müəllimlər məktəbləri istismar ediblər.

Ümumilikdə isə məktəblərdə xarici dil tədrisinin keyfiyyətinin zəifləməsinin səbəbi budur ki, müəllimlər yerində deyilsə, orada xarici dil tədrisindən söhbət gedə bilməz".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox