Azedu.az

Təhsil sistemində müasir çağırışlar və islahat zərurəti

Xəbərlər

10 İyul 2025, 14:59
Təhsil sistemində müasir çağırışlar və islahat zərurəti

Təhsil hər bir cəmiyyətin tərəqqisinin əsas sütunudur. Güclü təhsil sistemi olmadan davamlı iqtisadi, elmi və mədəni inkişafdan söhbət gedə bilməz. Azərbaycanda son illər ərzində təhsil sahəsində müəyyən nailiyyətlər əldə edilsə də, hələ də mövcud olan bir sıra problemlər təhsil sistemimizin effektivliyini və rəqabət qabiliyyətini məhdudlaşdırır. Təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində islahatların həyata keçirilməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır. Təhsilimizin müxtəlif sahələri ilə bağlı narazılıqlar tez-tez içtimailəşir, bəzən hətta böyük qalmaqala çevrilir.

Problemlər əsasən hansı sahələrdədir? Onların aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?

Təhsil sahəsində problemlərin mövcudluğu inkişafdan qalmaq demək deyil, əksinə bu sahədə daha dərin, məqsədyönlü və davamlı islahatlara ehtiyac olduğunu göstərir. Azərbaycanın gələcəyi bilikli, bacarıqlı və yaradıcı gənclərin yetişməsindən asılıdır. Bu məqsədə çatmaq üçün təhsil siyasəti real problemlərə əsaslanmalı, modern dünya ilə ayaqlaşacaq çevik və inklüziv islahatlarla müşayiət olunmalıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, strateji baxımdan öncə təhsilin məzmununa diqqət yetirilməlidir. Professorun sözlərinə görə, təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, təhsilalan sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən də təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi hesab edilir. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik: “Yalan danışmaq, tamahkarlıq, paxıllıq, yekəxanlıq, tənbəllik və s. kimi davranış növlərinin günah olduğunu gənclər orta məktəbdə öyrənməlidirlər. Təhsilin məzmununda Tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərk etmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir. Elə edilməlidir ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir və tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir”.

Professorun sözlərinə görə, taktiki baxımdan məktəbi idarə edənlərin, yəni məktəb direktorlarının düzgün seçilməsi çox vacib şərtlərdən biridir: “Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin”.

Ş.Əsgərov bildirib ki, təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, həm də ötən illərdə buraxılan səhvləri təkrar etməmək missiyası daşıyır: “Ən önəmlisi isə təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Birinci təhsil sonra iqtisadiyyat gəlməlidir. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə aparar. İstər öyrəncinin, istərsə də sinifin biliyini ölçmək üçün yeni, dəqiq meyarlar lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası tələbatı ödəmir. Sinifin potensialına nəzarət və müəllimin fərdi fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac var”.

Şahlar Əsgərov hesab edir ki, biz təhsildə yeni çağırışlarına cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək, sözün əsl mənasında potensiallı insanlar yetişdirmək istəyiriksə, onda mütləq təhsilə yeni baxış lazımdır: “Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Başlıca məqsəd düzgün qərar qəbul etməyi bacaran, potensiallı, kamil insan yetişdirmək olmalıdır. Dövlət, cəmiyyət üçün vətənpərvər vətəndaşlar yetişdirməliyik. ​Bizə özünü yox, milləti sevən gənclər lazımdır. Unutmamalıyıq ki, vətənpərvərliyin açarı təhsilin məzmunundadır. Təhsilin məzmunu gənclərə vətənpərvərlik aşılamalıdır. Ana dilini, vətən tarixini və milli mədəniyyəti gənclərə təhsil öyrətməlidir. Öz tarixini bilməyən gəncdən vətənpərvər olmaz.​ Sadalananlar nəzərə alənıb icra olunarsa, onda biz 21 əsr təhsil çağırışlarına cavab verə bilərik”.

Təhsil sahəsində həllini gözləyən problem xarakterli bir sıra məsələlər hələ də qalmaqdadır ki, bunların da yoluna qoyulmasının müəyyən zamana ehtiyacı var. Təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə tam əhatəsinin təmin edilməsi, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmiş və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların yeniləşdirilməsi, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi və bu kimi digər məsələlər yəqin ki, yaxın perspektiv üçün gündəm olacaq.

Şagirdlərin dərs yükünün ağırlığı, məktəb-valideyn münasibətlərində olan soyuqluq, repetitorluğa qeyri-rəsmi fəaliyyət sahəsi, kölgə təhsilinin atributu kimi baxılması, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunması, müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahanının məzmununda dəyişiklik edilməsi, müəllimlərin dərs yükünün qanunvericilik əsasında tənzimlənməsi, diplomu dövlət nümunəli olmayan müəllimlərlə bağlı süründürməçiliyə son qoyulması və bir çox bu kimi narahatçılıq və narazılıq doğuran məsələlərin həlli də gözləniləndir.

Təhsil ekspert Elçin Əfəndinin dediyinə görə, dərslik sahəsində ciddi islahatların aparılmasına ehtiyac var: “Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. Amma indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Məsələn, şagird isim mövzusunu həm beş, həm altı, həm də yeddinci sinifdə öyrənir. Bu düzgün deyil. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa , repetitora yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna doğurdan da cox böyük ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə şagirdlərin də əlavə hazırlıga, repetitor yanına getməsinə ehtiyac qalmaz”.

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox