AzEdu.az daim xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşür.
Bu dəfə Polşa universitetində oxuyan Faiq Qasımlı təhsili haqqında məlumat verir:
Öncə Faiq haqqında...
Faiq Qasımlı Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 291saylı məktəbdə başa vurub.Sonra bakalavr təhsilini Polşanın Lodz Universitetində davam etdirib.
Qərib ölkədə təhsil almaq üçün səbəblər...
Xaricdə təhsil almaq gənclərin dünyagörüşünü inkişaf etdirir. Polşada oxumaq arzum idi. Buna görə də, xaricdə ali təhsil almaq qərarına gəldim. Əlbəttə ki, bu qərara gəlməyimin ən böyük səbəbkarları qardaşım və ailəmdir. Qardaşımın da orda olduğunu nəzərə alaraq hədəf ölkə kimi Polşanı seçdim.
Qəbul üçün lazım olan sənədlər
Polşada ali təhsil almaq üçün ilk növbədə Lodz universitetinin nəzdində “English school”da bir kurs keçdim. Xarici ölkənin vətəndaşı olduğum üçün sadəcə dil sertifikatı tələb edirlər.
Polşada təhsilin üstünlükləri
Universitetdə keçdiyim dərslər, dərs metodları müəllimlər məni qane etdi. Burada müəllimlər dərsi professional şəkildə başa salır, slayyda şəkil və videodan istifadə etməklə fikirlərini tam çatdırırlar. Müəllimlər həm öyrədirlər, həm də öyrətdikləri kimi tələb də edirlər.
Tələbələrə güzəştlər
Tələbələr üçün kitabxanadan pulsuz istifadə, universitetin yeməkxanasından yararlanmaq , nəqliyyatda endirimlər kimi bir çox şeylər var. Burada 3 aylıq nəqliyyatdan istifadə etmək əgər 50 Avro-dursa, tələbələr üçün 25 Avro-dur. Polşa universitetində oxumaqla gələcəkdə iş kimi təkliflər ola bilər. Ölkədə bəzi restoranlar, muzeylər hətta fitness zallarında belə tələbələrə 50% endirim olur.