Lənkəran Dövlət Universitetinin Elmi şurasının 2024/2025-ci tədris ilində son iclasını LDU-nun rektoru, Elmi şuranın sədri, prof. Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
AzEdu.az xəbər verir ki, elmi şurada müzakirə edilən ilk məsələ-Lənkəran Dövlət Universitetinin Elmi Şurasının yeni tərkibinin formalaşdırılması haqqında Baş elmi katib dos. Allahşükür Quliyev məlumat verərək Elmi şuranın 5 il müddətində fəaliyyət göstərəcək yeni tərkibini açıqlayıb.
“2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri” barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açıqlama verib. Ayrı-ayrı fakültələr və ümumilikdə universitet üzrə imtahanların nəticələri, keyfiyyət göstəriciləri ötən semestr və illərlə müqayisəli şəkildə təhlil edilib.
“LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri” haqqında kollecin direktoru Leyla İbrahimovanın məlumatı dinlənilib.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev universitetin beynəlxalq reytinq sistemlərində iştirakı vəziyyəti, bu sahədə qazanılan uğurlar barədə söz açıb.
Elmi və tədris-metodiki şurada baxılan işlərin müzakirəsi barədə məlumatı Elmi və tədris-metodiki şuranın katibi dos. Allahşükür Quliyev təqdim edib.
“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” Hesabat və materiallar” I cildliyi barədə danışıb, nəşrin əhəmiyyətini yüksək dəyərləndirərək sonrakı nəsillər üçün vacib tarixi mənbə adlandırıb.
Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.