3–6 iyul tarixlərində İtaliyanın Umbria bölgəsində təşkil olunan “Social Hackathon Umbria 2025” beynəlxalq hakatonunda azərbaycanlı tələbələr uğurla çıxış ediblər.
AzEdu.az xəbər verir ki, Xəzər Universitetinin Kimya və Biologiya ixtisası üzrə II kurs tələbəsi Lalə İmanzadə və Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi üzrə II kurs tələbəsi Reyhanə Mahmudova “AromaSynth” adlı layihə ilə ölkəmizi təmsil ediblər.
Hakatonda ümumilikdə 200 iştirakçı 3 kateqoriya – biomüxtəliflik, neyromüxtəliflik və sosial müxtəliflik üzrə yarışıb. Azərbaycanlı tələbələrin təqdim etdiyi layihə biomüxtəliflik istiqamətində olub. Hakaton innovativ və sosial yönümlü həllərin hazırlanmasını hədəfləyib.
Qeyd edək ki, Lalə İmanzadə daha əvvəl NAYORA, AIESEC, COP29 və Formula 1 kimi nüfuzlu tədbirlərdə könüllü qismində iştirak edib.