Kanada hökuməti son aylarda tələbə vizası siyasətində ciddi sərtləşdirmələrə gedib. Bu qərarlar xüsusilə Hindistan vətəndaşlarına təsir göstərib. Rəsmi statistikaya görə, 2025-ci ilin ilk rübündə Kanadaya verilən tələbə vizalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz azalıb.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, ötən il 44 295 Hindistan vətəndaşı Kanadada təhsil almaq üçün viza almışdısa, bu il həmin göstərici 30 650-yə qədər enib. Mütəxəssislər bunu Kanada tərəfindən tətbiq olunan yeni maliyyə tələbləri və inzibati sərtləşdirmələrlə izah edirlər.
Kanada hökuməti artıq vizaya müraciət edən tələbələrdən daha yüksək maliyyə təminatı tələb edir. Bu isə orta gəlirli ailələrin övladları üçün vizaya müraciət prosesini daha çətin və baha başa gətirir. Bundan əlavə, bəzi kollec və universitet proqramları artıq daha ciddi yoxlamalara məruz qalır, bu da vizaların təsdiqlənmə faizinə birbaşa təsir edir.
Ekspertlər hesab edirlər ki, bu addım həm tələbə axınına, həm də Kanadanın ali təhsil sektoruna mənfi təsir edə bilər. Çünki Hindistan Kanadanın xarici tələbə bazarında ən böyük paya sahib ölkələrdən biridir.
Təhsil analitikləri qeyd edir ki, bu sərtləşdirmələr digər ölkələr – xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Almaniya kimi alternativ istiqamətlərə yönəli tələbə marağını artıracaq.