Azedu.az

94 bal toplayan müəllim: “Daha yüksək nəticə gözləyirdim”

Xəbərlər

MİQ

9 İyul 2025, 13:31
94 bal toplayan müəllim: “Daha yüksək nəticə gözləyirdim”

Xəbər verdiyimiz kimi, dünən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günü olub.

Belə ki, I seansda alman və ingilis dili, II seansda isə kimya və riyaziyyat fənlərindən imtahan keçirilib.

İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Ülkər İbadzadədir.

O, kimya fənnindən 94,5 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Müsahibimiz Bakı Dövlət Universitetinin (BDU) həm bakalavr, həm də magistrantura məzunudur. Qeyd edək ki, magistratura təhsilini fərqlənmə ilə bitirib.

“2022-ci ildən Qobustan rayonunun Bəklə kənd tam orta məktəbində kimya müəllimi kimi fəaliyyət göstərirəm. 2020-ci il MİQ imtahanında 80 bal toplamışdım. Həmin il suallar rahat idi, lakin düşünürəm ki, hazırlığım kifayət qədər yüksək səviyyədə olmadığı üçün daha yaxşı nəticə əldə edə bilməmişəm.

Hazırda Bakı şəhərində yaşayıram və Qobustan məktəbinə gedib-gəlirəm. Gələcək fəaliyyətimi də Bakı şəhəri ərazisində davam etdirmək istəyirəm. Bu, mənim əsas məqsədimdir.

Bu ilki nəticəni gözləyirdim, çünki çox çalışmışdım. Lakin imtahan bitdikdən sonra daha yüksək bal toplayacağıma ümid edirdim. Topladığım nəticə məni tam qane etmir. Bir-iki diqqətsizliyim buna səbəb oldu, əks halda maksimum bala ümid edirdim.

Ümumiyyətlə, bu ilki MİQ imtahanı əvvəlki illərə nisbətən daha rahat idi. Vaxt aparan suallar demək olar ki, yox idi. Mənim üçün problemli bir sual olmadı.

Qaydalara əsasən, hər üç ildən bir MİQ imtahanında iştirak etmək mümkündür. Mən də bu imkandan istifadə edərək hər üç ildən bir bu imtahanda iştirak edəcəyəm. Fikrimcə, bu imtahan müəllim üçün bir növ sınaqdır.

İmtahana ixtisasım üzrə özüm hazırlaşmışam, kurikulum hissəsinə isə bir ay müddətində repetitor ilə hazırlaşdım.

Sonda həmkarlarıma tövsiyə edirəm ki,  uğur qazanmaq üçün çox çalışmaq vacibdir. Hər bir uğurun arxasında bitməyən bir mübarizə dayanır. Heç bir uğur asan əldə olunmur. Hər kəsə uğurlar arzulayıram. Müəllimlərimizdən daha yüksək nəticələri görmək ümidi ilə....”

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox