İmtahan mövsümünün davam etdiyi bu günlərdə abituriyentlər arasında bir tendensiya müşahidə olunur. Bir çoxu ilk imtahanı sanki təcrübə kimi qəbul edir, əsas nəticəni isə ikinci cəhdə saxlayır.
Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Aydan Məmmədova bu yanaşmanın psixoloji təsirlərinə diqqət çəkərək bildirib ki, belə düşüncə tərzi bəzi hallarda tələbələrdə daxili rahatlıq hissi yaratsa da, nəticəyə mənfi təsir göstərə bilər:
“İlk imtahanı sınaq, ikincini isə "əsl şans" kimi görmək zahirən gərginliyi azaldır. Amma bu rahatlıq süni xarakter daşıyır və tələbəni məsuliyyətdən uzaqlaşdırır,” – deyə Aydan Məmmədova qeyd edib. Onun sözlərinə görə, abituriyent imtahana ciddi yanaşmaq əvəzinə ikinci dəfə şans qazanacağına güvənir, bu isə zamanla motivasiyanın azalmasına və təxirə salma davranışına gətirib çıxarır. Psixoloq bu halı psixologiyada “təhlükəsizlik zonasının verdiyi süni rahatlıq” kimi izah edir. “Əgər alınmasa, ikinci dəfə düzəldərəm” düşüncəsi xüsusilə emosional dayanıqlığı zəif olan, imtahan narahatlığı yaşayan gənclər üçün ciddi psixoloji baryer yaradır.
Onun fikrincə, bu yanaşma nəticədə əsas imtahanın ciddiyyətini zəiflədir və tələbədə öhdəlik hissini kölgəyə salır:
"Bu psixoloji model hər şagirdə eyni təsir göstərmir. Planlı, məqsədyönlü və özünəinamlı abituriyentlər ikinci cəhdi təkmilləşmə üçün fürsət kimi qəbul edirlər. Amma emosional olaraq hazırlıqsız gənclərdə bu, daha çox arxayınçılığa səbəb olur. Müəllimlər və valideynlər bu nüansı nəzərə almalı, abituriyentlərə ilk imtahanın da ikinci qədər vacib olduğunu anlatmalıdırlar. İkinci şans bir fürsətdir, bəli. Amma fürsət də düzgün istifadə olunmadıqda, riskə çevrilə bilər”.