Almaniyanın təhsil naziri Karin Prien ölkədə miqrant şagirdlərin sayının artmasından narahatlığını ifadə edərək, məktəblərdə bir sinifdə miqrant mənşəli şagirdlərin payının maksimum 30–40 faiz olması təklifini irəli sürüb. Nazirə görə, bu addım Almaniya məktəblərində tədrisin keyfiyyətinin qorunması və alman dilində ünsiyyət səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədi daşıyır.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən Prien bildirib ki, bəzi məktəblərdə miqrant şagirdlərin sayı artıq 60 faizi ötüb və bu, təhsil prosesində balanssızlığa səbəb olur. Onun sözlərinə görə, bu vəziyyət nə yerli şagirdlər, nə də miqrant uşaqlar üçün sağlam təhsil mühiti yaratmır.
Sözügedən təklif ölkədə geniş müzakirələrə səbəb olub. Xüsusilə sosial demokratlar və insan haqları təşkilatları bu yanaşmanın təhsil bərabərliyini poza biləcəyini və miqrant ailələrinin diskriminasiyaya məruz qalacağı ehtimalını vurğulayıblar.
Bununla belə, bəzi təhsil ekspertləri Karin Prienin təklifində müəyyən məntiq olduğunu qeyd edirlər. Onların fikrincə, miqrant uşaqların inteqrasiyasını sürətləndirmək üçün balanslı yerləşdirmə siyasəti vacibdir və bu, həm dil, həm də sosial uyğunlaşma baxımından daha effektiv nəticələr verə bilər.
Hazırda təklif qanunverici səviyyədə deyil, lakin onun ətrafında yaranan ictimai və siyasi debat Almaniyada təhsil və inteqrasiya siyasətinin gələcəyi üçün mühüm bir siqnal kimi qiymətləndirilir.