Son günlərdə rus bölməsinin bağlanacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub. Xüsusilə də valideynlər arasında müəyyən təşviş yaranıb və bir çoxu artıq övladını Azərbaycan bölməsinə keçirmək barədə qərar verib. Məsələnin bu qədər geniş əks-səda doğurması təhsildə dil məsələsinin yalnız texniki deyil, həm də ideoloji və milli önəm daşıdığını bir daha göstərir.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli söyləyib.
Onun sözlərinə görə şagirdlər müəyyən çətinliklərlə qarşılaşa bilərlər, xüsusilə dil bacarıqları zəif olan uşaqların fənn məzmununu qavraması çətinləşə bilər:
"Bu keçidin şagirdlərə təsirinə gəlincə, burada bir neçə mühüm amili nəzərə almaq lazımdır. İlk növbədə, rus bölməsindən Azərbaycan bölməsinə keçən şagirdlər üçün bu dəyişiklik yalnız dil yox, həm də düşüncə tərzi və tədris metodikası baxımından yeni bir mərhələ deməkdir. Şagirdlər müəyyən çətinliklərlə qarşılaşa bilərlər – xüsusilə dil bacarıqları zəif olan uşaqların fənn məzmununu qavraması çətinləşə bilər. Bu səbəbdən, keçid edənlər üçün uyğunlaşdırılmış dərs materialları, əlavə dil dəstəyi və fərdi yanaşma tələb olunur. Əks halda, bu keçid onların təhsil uğurlarına və psixoloji durumuna mənfi təsir göstərə bilər".
Müsahibimiz qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi dili Azərbaycan dilidir və təhsil sisteminin ana sütunu da bu dil olmalıdır:
"Azərbaycan bölməsində yarana biləcək şagird sıxlığı da diqqət mərkəzindədir. Onsuz da bəzi məktəblərdə siniflər həddindən artıq yüklənib, müəllimlərin iş yükü artıb. Əgər bu bölməyə kütləvi keçid baş verərsə, həm siniflərdə şagird sayı artacaq, həm də keyfiyyətli tədris təmin etmək çətinləşəcək. Bu, müəllim-şagird münasibətinə, dərslərin effektivliyinə və qiymətləndirmənin obyektivliyinə təsir göstərə bilər.
Amma burada ən önəmli məsələ milli mövqeyimiz və dəyərlərimizdir. Azərbaycan dövlətinin rəsmi dili Azərbaycan dilidir və təhsil sisteminin ana sütunu da bu dil olmalıdır. Rus dili və ya digər xarici dillər əlavə bacarıq kimi, ikinci və ya üçüncü dil kimi tədris oluna bilər. Amma ölkədə ümumi təhsil sisteminin xarici dildə aparılması ideyası artıq köhnə yanaşmadır və müstəqil, öz milli identikliyini qoruyan bir dövlət üçün arzuolunan deyil. Rus bölməsinin mövcudluğu tarixi və keçmişdən gələn bir vərdişdir, lakin bu gün müasir Azərbaycan cəmiyyəti öz milli dilinə, milli kimliyinə və vahid informasiya mühitinə söykənən təhsil sisteminə sahib olmalıdır".
"Azərbaycan dilinin mövqeyinin daha da möhkəmləndirilməsi və gələcək nəsillərin öz dilində, öz mədəniyyəti və dəyərləri ilə yetişdirilməsi olmalıdır",- deyə Ə.Həsənli vurğuılayıb:
"Nəticə etibarilə, şagirdlərin uyğunlaşması texniki və pedaqoji məsələlərdir və bunlar planlı şəkildə həll edilə bilər. Əsas məsələ isə cəmiyyətin bu dəyişikliklərə ideoloji olaraq hazır olması, Azərbaycan dilinin mövqeyinin daha da möhkəmləndirilməsi və gələcək nəsillərin öz dilində, öz mədəniyyəti və dəyərləri ilə yetişdirilməsi olmalıdır. Təhsil yalnız bilik vermək deyil, həm də milli kimliyi formalaşdırmaqdır. Bu səbəbdən də ana dilində təhsil prinsipi təkcə pedaqoji deyil, strateji dövlətçilik məsələdir".