06 iyul 2025-ci il tarixində keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi əvvəlki imtahanla müqayisədə abituriyentlər tərəfindən daha “rahat” qiymətləndirilib. Xüsusilə birinci mərhələdə bu qruplardan maksimum nəticə göstərən olmaması, imtahanın çətinliyinə dair ümumi narazılığı gücləndirmişdi. Elə bu fonda da ikinci mərhələdə sualların nisbətən sadələşdirildiyi iddiaları yayılıb. Bu isə sualların vahid standartla deyil, əvvəlki nəticəyə görə tənzimlənməsi ehtimalını gündəmə gətirir ki, bu da testoloji baxımdan ciddi problemdir.
Bu sözləri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov söyləyib.
Ekspertin fikrincə, əgər hər kəs imtahanın çətinliyini proqnozlaşdırmağa çalışırsa, bu, artıq texniki yox, psixoloji qeyri-sabitlik problemidir:
"Azərbaycan Respublikasında qəbul imtahanlarının əsas prinsipləri “Təhsilin qiymətləndirilməsi haqqında” konsepsiyada açıq şəkildə qeyd olunur: imtahan sualları obyektivlik, ölçüləbilərlik, etibarlılıq və qarşılaşdırıla bilənlik prinsiplərinə əsaslanmalıdır. Əgər hər imtahanda suallar nəticələrə uyğun şəkildə sərtləşdirilir və ya sadələşdirilirsə, bu zaman ölçmənin sabitliyi pozulur və nəticələr müqayisəolunmaz hala gəlir. Bu isə təhsil sistemində ədalət prinsipinə ziddir.
Abituriyentlər və valideynlər indi əsas diqqəti 13 iyulda keçiriləcək I və IV ixtisas qruplarının ikinci mərhələsinə yönəldiblər. Birinci imtahanda bu qruplardan 7 nəfərin maxsimium - 400 bal toplaması sualların nisbətən asan seçildiyinə dair fikir formalaşdırıb. Buna görə də indi ictimai rəydə “bu dəfə imtahan çətin olacaq” narahatlığı yaranıb. Bu cür psixoloji gərginlik imtahanın öz mahiyyətini – bilik yox, təxmin və ehtimal yarışına çevirmə riski yaradır".
Əgər imtahan çətinliyi əvvəlki nəticəyə görə tənzimlənirsə, bu zaman abituriyentlər konkret standartlara görə deyil, nəticə təzyiqi ilə manipulyasiya olunan dəyişkən sistemə görə hazırlanırlar. Bu isə təhsildə dayanıqlılığa və planlı hazırlığa ciddi zərbə vurur",deyə müsahibimiz qeyd edib:
"Bu baxımdan, 13 iyul imtahanı üçün öncədən “çətin olacaq” və ya “asan olacaq” ehtimalları üzərində spekulyasiya aparmaq yox, imtahanların sabitlik, şəffaflıq və obyektivlik əsasında aparılması tələb olunmalıdır. İmtahan modelində dəyişiklik olacaqsa, bu, ən azı 1 il əvvəldən elan edilməli və ictimaiyyətə açıq şəkildə izah olunmalıdır. Əks halda, abituriyentlər “şans”a yox, sistemə qarşı hazırlaşmaq məcburiyyətində qalırlar ki, bu da təhsilin mahiyyətini dəyişir.
İmtahanlar yalnız bilik yox, etimad və ədalət ölçüsüdür. Əgər hər kəs imtahanın çətinliyini proqnozlaşdırmağa çalışırsa, bu, artıq texniki yox, psixoloji qeyri-sabitlik problemidir və bu problemin həlli yalnız test məzmununda deyil, sistemin idarəetmə fəlsəfəsindədir".