Azedu.az

Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir

Xəbərlər

4 İyul 2025, 11:35
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov “Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi”nin açılışını həyata keçiriblər. Bu, təhsil sahəsi üçün mühüm bir hadisədir.

Maraqlıdır, Xıdırlı kəndində bu məktəbin istifadəyə verilməsi bölgədə təhsilin səviyyəsinə və şagirdlərin keyfiyyətli təhsilə çıxışına necə təsir edəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu addımın atılması türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir:

“Çox sevindirici haldır ki, bu gün atılan addımlar artıq ənənə halını alıb. Bir müddət bundan əvvəl Qazaxıstanın, Özbəkistan Azərbaycanda məktəb açmışdı. İndi isə Qırğızıstanın bu addımını görürük. Bu, rəmzi mənası olmaqla yanaşı, həm də mənəvi tərəfi olan bir hadisədir. Belə ki, türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Cənab Prezident Milli Məclisdəki çıxışında qeyd etmişdi ki, "bizim bir ailəmiz var. O da türk ailəsidir və türk dünyasıdır". Bu strategiyaya uyğun olaraq bu cür addımların atılması çox önəmlidir. İllər keçdikcə Azərbaycan gəncləri və uşaqları xatırlayacaqlar ki, onlar türk qardaşlarının tikdiyi məktəblərdə təhsil alıblar.

Bu da, öz növbəsində, gələcəkdə əməkdaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcək. Xüsusilə də qarşılıqlı əlaqələrə baxdıqda, müxtəlif sahələrdə əməkdaşlığın olduğunu görürük. Bu əlaqələr içərisində təhsil sahəsində əməkdaşlıq xüsusi önəm daşıyan məsələdir ki, biz təhsil sahəsində də bu əməkdaşlığı gücləndiririk. Ona görə də məsələnin rəmzi mənası olmaqla yanaşı, çox ciddi siyasi tərəfi də var.

Düşünürəm ki, gələcəyə doğru türk dövlətlərinin ortaq tarixi, mədəniyyəti, adət-ənənələri barədə dərsliklər hazırlanmalı və bunlar mümkün qədər tədris prosesimizə daxil edilməlidir. Yəni biz əgər bir olmaq istəyiriksə, həmrəy olmaq istəyiriksə, bu istiqamətdə addımların atılmasına ciddi ehtiyac var. Gələcəkdə bu proqramlara bu məsələ də daxil ola bilər".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox