Uğur anlayışı təhsildə daim müzakirə olunsa da, üzərində razılığa gəlinməsi çətin anlayışlardan biridir.
Xüsusilə eyni məktəbdən olan, eyni müəllimlərin dərs keçdiyi, bənzər şəraitdə oxuyan şagirdlərin biri 700 bal, digəri isə 100 bal topladıqda ortaya haqlı sual çıxır: uğur fərdi məsələdir, yoxsa sistemin nəticəsidir?
Təhsil eskperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, uğura çatmaq təkcə istəklə olmur.
Burada əsas rol daha çox çalışmağa, ciddi hazırlığa və davamlı intizama verilir. Əgər biz həqiqətən uğurlu olmaq istəyiriksə, mütləq şəkildə daha çox əziyyət çəkməli, öz üzərimizdə daha çox işləməliyik. Ancaq bu yolla nəticə əldə etmək mümkündür:
“Bu məsələyə təhsil baxımından yanaşsaq, görərik ki, bir məktəbdə təhsil alan və ya məzun olan şagirdlərin yalnız bir hissəsi - məsələn, 600-650 bal toplayanlar yüksək nəticə əldə edir. Qalanları isə fərqli göstəricilər sərgiləyə bilər: kimisi 100 bal, kimisi 150 və ya 300 bal yığır. Bu fərqlilik isə birbaşa onların hazırlıq səviyyəsindən və məsələyə yanaşmasından asılıdır. Bir qrup şagird daha ciddi və sistemli şəkildə hazırlaşır, digərləri isə prosesə daha səthi yanaşır. Məhz buna görə nəticələrdə kəskin fərqlər yaranır. Bu vəziyyət məktəb üçün həm uğur, həm də uğursuzluq kimi dəyərləndirilə bilər. Amma məsələyə daha dərindən baxdıqda, burada əsas məsuliyyəti şagirdin özündə axtarmaq lazımdır. Kim nə qədər məsuliyyətlə və səylə hazırlaşırsa, nəticəsi də ona uyğun olur.
Bununla yanaşı, onların illik qiymətlərinə – yəni dərs ili boyu aldıqları qiymətləndirməyə də diqqət yetirmək lazımdır. Əgər bu qiymətlərlə yekun nəticə (məsələn, qəbul balı) bir-birinə uyğun gəlirsə, deməli, qiymətləndirmə obyektiv olub. Əksinə, illik qiymətlər yüksək, nəticə isə zəifdirsə, bu zaman artıq qiymətləndirmənin formal aparıldığı ortaya çıxır".