Azedu.az

Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər

Xəbərlər

1 İyul 2025, 16:50
Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər

Azərbaycanda rusdilli məktəblərin gələcəyi ilə bağlı son vaxtlar müxtəlif müzakirələr aparılır. Ölkədə rus dilində təhsil verən məktəblərin bağlanacağına dair iddialar yayılıb. Valideynlər arasında yayılan məlumatlara görə, bəzi məktəblərdə valideynlərə bu barədə bildirişlər göndərilib və rusdilli məktəblərin mərhələli şəkildə azaldılması planlaşdırılır.

AzEdu.az-ın əldə etdiyi məlumatlara əsasən, hazırda Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Bu məktəblərin 16-sında yalnız rus bölməsi, 312 məktəbdə isə ikidilli - həm Azərbaycan, həm də rus dilində tədris aparılır. Ümumilikdə, bu məktəblərdə təxminən 150-160 min şagird təhsil alır.

Rusdilli məktəblər ölkənin müxtəlif bölgələrində yerləşir.

Ən çox rus bölməsi olan məktəblər paytaxt Bakı şəhərindədir. Bakıdan sonra isə ən çox rus bölməsi olan məktəblər Gəncə şəhərində yerləşir.

Bununla yanaşı, aşağıdakı rayon və şəhərlərdə də rusdilli məktəblər mövcuddur: Naxçıvan şəhəri (1 məktəb); Balakən (3 məktəb); Qəbələ (3 məktəb); Quba (2 məktəb); Qusar (2 məktəb); Qax (1 məktəb); Zaqatala (1 məktəb); Goranboy (1 məktəb); Xaçmaz (1 məktəb).

Bununla yanaşı, bəzi regionlarda isə rus bölməsi olan məktəblər mövcud deyil. Bu rayonlar arasında Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl və Şuşa yer alır.

İddialara görə, gələcəkdə rusdilli məktəblərdə təhsil prosesinin Azərbaycan dilində aparılması istiqamətində mərhələli islahatlar planlaşdırılır. Yayılan məlumatlarda qeyd olunur ki, yaxın üç ildə rusdilli məktəblərdə tədris Azərbaycan dilinə tam keçəcək.

Qeyd etmək lazımdır ki, hazırda bu mövzuda Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi açıqlama verilməyib və hər hansı dəyişiklik barədə rəsmi məlumat yoxdur.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox