Quliyev Mirələm Lətif oğlu 1938-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açıb.
O, 1964-cü ildə Mirzə Fətəli adına Azərbaycan Dillər İnstitutunun ingilis dili fakültəsini bitirərək, doğma kəndinə qayıtmış, orada ingilis dili müəllimi, eyni zamanda məktəb direktoru kimi fəaliyyət göstərmiş və sonradan təhsil aldığı institutun “Qərbi Avropa” dillər fakültəsində tədrislə məşğul olmuşdur.
AzEdu.az M.Quliyevin oğlu Elşən Mirələmoğlu ilə həmsöhbət olub.
“O, şeiri qəlbindən deyil, içindəki bütöv bir aləmdən gətirirdi”,- oğlu Elşən Quliyev atasının yaradıcılığı haqqında danışır:
“Atam Mirələm Lətifoğlu həm şair, həm də müəllim idi. Amma bunları ayırmaq mümkün deyildi. O, müəllimi zamanın fövqündə duran, qiymətdən düşməyən zərə bənzədirdi. Şeirində belə yazmışdı: ‘Zamanın fövqündə durdu müəllim…’. O, müəllimi yalnız dərs deyən yox, yol göstərən, sirdaş, düşünən bir bələdçi kimi görürdü. Bunu yalnız demirdi, yaşayırdı.
O, Qarabağa, muğama vurğun idi. Deyirdi ki, muğam "Azıxla əkiz, yaşıddır". Qarabağın səslərini musiqinin muzeyi adlandırırdı. Onun üçün Qarabağ sadəcə bir coğrafiya deyildi – poeziyanın və musiqinin ana beşiyi idi.
O, poeziyada yaşadı. Rübai, sonet, qəzəl… minlərlə şeiri vardı. O deyirdi: ‘Demirəm, qəribə bir həyatım var / Bisütun yarmağa cəsarətim var/ Əlli il sinifdə dərs demişəm mən / Fərhaddan ziyada əziyyətim var’.
Atam Şekspiri sevirdi, Nizamini anlayırdı, Səməd Vurğunun izindən gedirdi. ‘Şekspir önündə durub müntəzir / İstərəm ustadın xeyir-duasın…’ – deyə yazırdı.
Ən çox sevdiyi mövzulardan biri Vətən idi. Onun üçün Vətən, müəllim və şeir – ayrı-ayrı anlayışlar deyildi. O, Vətən şeirlərində belə yazırdı: ‘Boynuna sarılan balanam, Vətən…’
Atam həm də ingilis ədəbiyyatının dərin bilicisi idi. Şekspirdən, Tomas Muradan, Emili Brontedən tərcümələr etmişdi. Azərbaycan ədəbiyyatında Qərb ədəbiyyatının izlərini axtarmağı, müqayisə etməyi sevirdi. Elmi məqalələri "Şekspir və Cəfər Cabbarlı", "Nizami və Şekspir", "Səməd Vurğun və müəllim sənəti" kimi başlıqlarla çap olunmuşdu.
O, yaradıcılığında bəşəri dəyərləri əsas götürürdü. İnsanlıq, əxlaq, müdriklik və zamanla qazanılan həqiqətlər onun üçün vacib idi. Poeziya onun üçün təkcə sənət yox, həm də tərbiyə vasitəsi idi. Onun yazdıqları həm ədəbiyyatdır, həm tarixdir, həm də dərsdir.
Atam öyrətdi ki, şeir – sözün kövrək halıdır. O halı duymaq üçün şair olmaq, şair olmaq üçün isə insan olmaq lazımdır…”
“Mirələm Lətifoğlu – poeziyada müəllim obrazının əbədiləşdiricisi”
“Qədim Azərbaycan poeziya beşiyidir – Nizamilərdən, Füzulilərdən gələn söz yolu bu gün də yaşayır. Mənim atam Mirələm Lətifoğlu da həmin yolun davamçısıdır,” – deyə mərhum şairin oğlu Elşən Quliyev bildirir.
Onun sözlərinə görə, atası yaradıcılığı boyu poeziyada müəllim obrazını bi"r nur mənbəyi kimi təqdim edib: “O yazırdı ki, müəllim zamanın fövqündə duran zər kimidir. Bütün şeirlərində müəllimi dərs verəndən çox, bir yol göstərən, yol yandıran kimi təqdim edirdi".
Əsərlərində həm də müharibəyə nifrət, Vətənə bağlılıq, yurd həsrəti kimi mövzulara toxunduğunu qeyd edən oğlu deyir: “O, hər bir şeirini xalq üçün yazırdı. Onun yazdıqları həm ədəbiyyatdır, həm tarixdir, həm də dərsdir.”
Elşən Quliyev atasının müəllimliklə sənəti birləşdirdiyini vurğulayaraq deyir: “O, 50 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul oldu. Amma heç vaxt yalnız sinif otağında qalmadı. Onun sinfi Vətən, dərsi isə poeziya idi. O, hər bir şeirini xalq üçün yazırdı".
“Onun yazdıqları həm ədəbiyyatdır, həm tarixdir, həm də dərsdir.”
Qeyd edək ki, 22.06.2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA) Mirələm Quliyevin müəllifi olduğu "Seçilmiş əsərlər" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə M.Quliyevin şagirdləri eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Texniki-elmlər doktoru Hüseyn Hüseynov Elşən Mirələməğlu, İqtisad elmlər namizədi Əlirza müəllim, Sahvələd Əliyev Biologiya üzrə fəlsəfə elmlər doktoru, Mirələm Lətifoğlunun qardaşları Həsən doktor və Şahməmməd əmi, Şair publist Taleh Elsevən, kənd orta məktəbin müəllimi Rasim Quliyev, Respublikanın əməkdar mühəndisi, Tərəqqi medallı Taleh Qarayev, Vətən Müharibəsi qəhrəmanı AO TTM rəisi polkovnik Nizami Mövlanov, tanınmış jurnalist Tərəqqi medallı Anar Cəbrayıllı, ingilis dili müəllimi Akif Tağıyev, Azərbaycan Dövlət Akademiyasının baş müəllimi Həsənov Elsevər, Süleyman Qaradağlı jurnalist şair, Voraşil Hacıyev yaradıcı şair, Dünya rəssamlıq akademiyasının həqiqi üzvü mərhum Nağdəli Xəlilovun oğlu Əbülfəd Xəlilov, Zaməddin İbrahimov və Polkovnik Sərvər Cəbrayılov Azərbaycan Dövlət Dəniz Akademiyasının TTM müəllimi Lətif Quliyev çıxış ediblər.