"Mingəçevir Dövlət Universitetinin Əziz Məzunları!
Sizi, valideynlərinizi, ailə üzvlərinizi və müəllimlərinizi Mingəçevir Dövlət Universitetnin məzunu olmağınız münasibətilə ürəkdən təbrik edirəm".
AzEdu.az xəbər verir ki, bu sözləri Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov feysbuk hesabında paylaşım edib.
Rektor bildirib ki, bu gün Mingəçevir Dövlət Universitetinin həyatında xüsusi və unudulmaz gündür:
"Universitet olaraq 2024/2025-ci tədris ili üzrə 878 məzunlardan 301 nəfəri Təhsil fakültəsi, 131 nəfəri Mühəndislik fakültəsi, 302 nəfəri İqtisadiyyat və idarəetmə fakültəsi,144 nəfəri isə magistratura və doktorantura Təhsil Mərkəzinin məzunlarını – böyük ümidlərlə və xoş arzularla yeni həyat mərhələsinə yola salırıq.
İnanıram ki, tələbələrimizin, onların valideynlərinin və müəllimlərimizin fədakər əməyi sayəsində məzunlarımızın timsalında həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş yetişdirməyi bacara bilmişik.
Unutmayın ki, Mingəçevir Dövlət Universitetində keçdiyiniz illər sizi bu böyük ailənin daimi üzvünə çevirib. Məzun olmaq bu ailədən ayrılmaq deyil, sadəcə, yeni bir mərhələdə – məzun kimi universitetimizi təmsil etmək deməkdir.
Rektorluq fəaliyyətim dövründə ilk məzunlarımızı uğurlamağımız mənim üçün fərəhli və qürurvericidir.
Hər birinizə gələcək təhsil yolunuzda, peşə fəaliyyətinizdə və şəxsi həyatınızda sonsuz uğurlar, davamlı nailiyyətlər arzulayıram.
Məzun adınız mübarək! Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!",- deyə rektor paylaşımda qeyd edib.