“IX və X sinif şagirdlərinin qəbul imtahanlarına yaxşı hazırlaşmaları üçün kifayət qədər vaxtları var. Onlara məsləhət görərdim ki, hazırlaşdıqları müəllim yeni sistemdən gileylənirsə, heç düşünmədən müəllimlərini dəyişsinlər”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Adil Vəliyev deyib. Onun sözlərinə görə, yeni model imtahanlar IX və X sinif şagirdləri üçün o qədər də çətinlik yaratmayacaq:
“Hazırlığa getdikləri müəllim sistemi onlara düzgün başa salsa, problem yaranmaz. Ali məktəbə qəbul olunmaq istəyən abituriyentlərin çoxu hazırlıq kurslarına və ya fərdi şəkildə müəllim yanına gedirlər. Abituriyent yeni sistemə hazır olması üçün əvvəlcə müəllim həmin sistemdən qorxmamalıdır.
Bu il üçün çətinlik XI siniflərdə özünü göstərəcək. Respublika üzrə 700 bal toplayan maksimum 5 nəfər olacaq. Yeni sistemə görə bir o qədər də çətinliyin yaranacağını düşünmürəm”.
Adil Vəliyev qeyd edib ki, imtahan çaşdırıcı ola bilər:
“IX və X sinif şagirdlərinin kifayət qədər vaxtları var. Onlara məsləhət görərdim ki, hazırlaşdıqları müəllim yeni sistemdən gileylənirsə, heç düşünmədən müəllimlərini dəyişsinlər.
Məncə, qəbul proqramının gecikməsi Dövlət İmtahan Mərkəziylə əlaqə deyil. Abituriyentlər də, valideynlər də şifahi olaraq məlumatlandırılırlar.
Yeni qaydalardan xəbərsizdirlərsə, AzEdu.az saytından da informasiya əldə edə bilərlər”.
Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.