Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə ilk öncə Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
AzEdu.az xəbər verir ki, məzunlara ilk təbrik LDU-nun rektoru, professor Natiq İbrahimovdan gəlib. Rektor tədbir iştirakçılarını salamlayıb, məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-da 1115 bakalavr, 212 magistr olmaqla 1327 nəfər məzun olur. Son 8 ildə tələbələrin sayının 3 dəfəyə yaxın artdığını deyən rektor qeyd edib ki, bu müddət ərzində universitetdə müasir maddi-texniki avadanlıqlarla təchiz olunmuş 3 tədris binası tikilərək istifadəyə verilib, baytarlıq klinikasının inşasına başlanılıb.
LDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən danışan prof. Natiq İbrahimov qeyd edib ki, professor-müəllim və tələbə heyətinin mobilliyini təmin etmək məqsədilə həm ölkədaxili ali təhsil, elm və istehsalat müəssisələri ilə ikili əməkdaşlıq, həm də xarici ölkələrin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 75 ali təhsil müəssisəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsinin bağlanıldığını, 20 universitetlə ikili əməkdaşlığın həyata keçirildiyini deyən prof. Natiq İbrahimov təbrik çıxışında müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib, təhsilin modernləşdirilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini deyib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təbrikini icra başçısının müavini Ülviyyə Əliyeva çatdırıb. İcra rəsmisi məzunları ümummilli liderin adına layiq çalışmağa, azərbaycançılıq ənənəsinə daim sadiq qalmağa, ölkənin rifahı naminə səmərəli fəaliyyətə çağırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan Ülviyyə Əliyeva bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı artan rolunu xüsusi vurğulayıb.
Tədbirə qatılan millət vəkillləri Fariz İsmayılzadə, Məşhur Məmmədov da məzunların sevinclərinə şərik çıxaraq onlara gələcək həyat yollarında uğurlar arzu ediblər. Millət vəkilləri çıxışlarında LDU-nun son illərdə təhsil və elm sahəsində, beynəlxalq əməkdaşlıq istiqamətində və s. sahələrdə qazandığı uğurlardan söz açaraq bu universitetin daha çox məzunun işlə təmin olunmasını böyük nailiyyət kimi dəyərləndiriblər. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, məzun Aynur Mehdiyeva, valideyn Aliyə Axundova da çıxışlarında məzunlara xoş arzularını çatdırıblar.
Məzun günündə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə təhsilini uğurla başa vuran məzunlar mükafatlandırılıb. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna bakalavr və magistr diplomları, xatirə hədiyyələri, LDU-da təhsil alan xarici tələbələrə təhsildə fərqləndiklərinə görə sertifikatlar təqdim olunub.
Məzun günü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.
Unudulmaz tələbəlik illərinin son akkordları, təsirli anları xatirə şəkillərində əbədiləşdirilib.