2025-2026-cı il üçün açıqlanan QS Dünya Universitet Reytinqində Böyük Britaniyanın 54 universiteti geriləyib.
Bu, ölkədəki ali təhsil müəssisələrinin 61 faizini əhatə edir və əsas səbəb kimi maliyyə problemləri göstərilir.
AzEdu.az xəbər verir ki, reytinqdə Imperial College London qlobal 2-ci yeri qoruyaraq ön sıralarda özünü möhkəmləndirib. Oxford Universiteti 3-cü yerdən 4-cü yerə, Cambridge Universiteti isə 5-ci yerdən 6-cı yerə enib. University College London isə 9-cu yerdə qərarlaşıb. Eyni zamanda, Sheffield və Nottingham universitetləri 92-ci və 97-ci yerlərdə olmaqla yenidən ilk 100-lüyə daxil olublar.
Mövqe itkisinə səbəb kimi dövlət tərəfindən universitetlərə ayrılan vəsaitin azalması, beynəlxalq tələbələr üçün nəzərdə tutulan əlavə rüsumlar və təhsil sonrası vizaların müddətinin qısaldılması göstərilir.
Universities UK təşkilatının rəhbəri Vivienne Stern bildirib ki, bu geriləmə qaçılmaz deyil və hökumət uzunmüddətli maliyyə sabitliyi yaratmaqla vəziyyəti dəyişə bilər:
“Universitetlər artıq mövcud çətinliklər fonunda fəaliyyətlərini yenidən qurmağa çalışırlar. Dövlətin davamlı dəstəyi ilə bu geriləməni dayandırmaq mümkündür.”
QS təşkilatının baş direktoru Jessica Turner isə qeyd edib ki, digər ölkələr universitetlərinə daha çox sərmayə yatırdığı halda, Birləşmiş Krallıq geri qalmaq riski ilə üzləşir.
Hazırda ölkədə təxminən 100 universitet struktur dəyişiklikləri aparır, bir sıra ali məktəblərdə ixtisarlar baş verir və dərs yükləri azaldılır. Məlumata görə, azı 10 universitet maliyyə çətinliklərinə görə iflas riski altındadır.