ABŞ Prezidenti Donald Tramp Çinli tələbələrin ölkə universitetlərində təhsillərini davam etdirməsinə icazə verildiyini açıqlayıb. Bu barədə dövlət başçısı iyunun 11-də Truth Social platformasında paylaşım edərək məlumat verib.
AzEdu.az qeyd edir ki, cəmi iki həftə əvvəl Tramp administrasiyası Çin vətəndaşı olan tələbələrin vizalarının “aqressiv şəkildə” ləğv ediləcəyini və vizaların verilməsində ciddi yoxlamaların tətbiq olunacağını bildirmişdi. Həmin qərar həm universitetlər, həm də beynəlxalq ictimaiyyət arasında narahatlıq yaratmışdı.
Lakin son açıqlamasında Tramp bildirib ki, Çinlə razılaşdırılmaq üzrə olan yeni ticarət sazişinin bir hissəsi olaraq, bu ölkənin tələbələri ABŞ universitetlərindən istifadə edə biləcəklər. Prezident razılaşmanın hələ yekun təsdiq mərhələsində olduğunu vurğulayıb və təfərrüatları açıqlamayıb.
Ekspertlər bu dəyişikliklə Trampın xarici tələbələrə münasibətində yumşalma siqnalı verdiyini və Çinlə iqtisadi münasibətlərdə daha praqmatik yanaşma nümayiş etdirdiyini düşünürlər.