İngiltərədə aparılan yeni araşdırma ekstremal hava şəraitinin, xüsusilə istilər və daşqınların ölkənin təhsil sisteminə artan təsirini üzə çıxarıb. Böyük Britaniyanın Təhsil Nazirliyi, Met Office və University College London-un birgə araşdırmasına görə, yaxın illərdə məktəblərdə tədris prosesində fasilələr daha da artacaq.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, tədqiqatda 2050-ci ilə qədər uyğunlaşdırma tədbirləri görülməzsə, temperaturun yüksəlməsi səbəbilə şagirdlərin orta hesabla ildə 8–12 dərs gününü itirə biləcəyi bildirilib. Söhbət təkcə ekstremal istilərdən deyil, eyni zamanda uzunmüddətli istiləşmənin yaratdığı zehni yorğunluq və öyrənmə çətinliyindən gedir.
Bundan əlavə, orta məktəblərin 35%-i, ibtidai məktəblərin isə 20%-i daşqın riski ilə üz-üzədir. Bu məktəblər ildə bir dəfə daşqın yaşamaq ehtimalı olan ərazilərdə yerləşir.
Milli Assosiasiyanın baş katibi Pol Uitman məsələ ilə bağlı bildirib ki, məktəblərin əksəriyyəti ekstremal hava şəraitinə uyğun inşa edilməyib və bu da həm sağlamlıq, həm də öyrənmə baxımından ciddi problemlər yaradır:
“Uşaqların çox isti və ya soyuq siniflərdə təhsil alması onların həm sağlamlığı, həm də diqqətini birbaşa təsir altına alır”.
Mütəxəssislər hökuməti ventilyasiya sistemlərinin yaxşılaşdırılması, sinif otaqlarının izolyasiyası, günəş panellərinin quraşdırılması və daşqına davamlı infrastrukturun qurulması kimi tədbirlərə çağırırlar.
Təhsil Nazirliyi isə məsələnin ciddiliyini etiraf edərək, 2035-ci ilə qədər təhsil infrastrukturu üçün 20 milyard funt sterlinq həcmində investisiya planı hazırlayıb. Bu çərçivədə daha 250 məktəbin yenidən qurulacağı, onların karbon sıfır və iqlim dəyişməsinə davamlı konsepsiya ilə inşa ediləcəyi bildirilib.
Qeyd edək ki, bu mövzu artıq beynəlxalq təhsil gündəminin əsas məsələlərindən birinə çevrilib və gələcəkdə Azərbaycanda da iqlim şəraitinin təhsilə təsirləri ilə bağlı müzakirələrin artacağı gözlənilir.