Son zamanlar uşaqlar və yeniyetmələr ,arasında aqressiv davranışların çoxalmasının səbəbi nədir və bunun qarşısını necə ala bilərik kimi sorgu ilə çox üzləşirik.
Bəs pedaqoq prizmasından bu necə görünür? Yeniyetmələrdə aqresiyanın səbəbi nədir və qarşısını almaq üçün nə etməliyik?
Yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və həssas mərhələlərindən biridir. Bu dövrdə fiziki, emosional və psixoloji dəyişikliklər gəncin davranışına və ətraf mühitlə münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edir. Məhz bu səbəbdən yeniyetmələrdə aqressiya halları getdikcə daha çox müşahidə olunur. Aqressiya – qəzəb, əsəb və düşmənçilik hisslərinin davranışa çevrilməsi – həm yeniyetmənin özü, həm də onun ətrafındakı insanlar üçün ciddi problemlərə səbəb ola bilər.
Aqressiyanın əsas səbəbləri bunlardır:
1.Hormonal dəyişikliklər:
Yeniyetməlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər emosional qeyri-sabitliyə səbəb olur. Bu da aqressiv davranışların yaranmasına zəmin yaradır.
2. Ailə mühiti:
Ailədəki münaqişələr, valideynlərin laqeydliyi, ya da əksinə, həddindən artıq sərt yanaşmaları yeniyetmələrdə narazılıq və aqressiya doğura bilər. Eyni zamanda, aqressiv valideyn modeli uşağın davranışlarında öz əksini tapır.
3.Ailədaxili və sosial təzyiqlər:
Valideynlər və yaşıdlarla münasibətlərdə yaşanan problemlər, zorakılıq və ya alçaldılma kimi hallar yeniyetmədə özünü müdafiə məqsədi ilə aqressiv davranışa səbəb ola bilər.
4. Özünü ifadə edə bilməmək:
Bir çox yeniyetmə hisslərini və fikirlərini düzgün şəkildə ifadə edə bilmədiyindən onları aqressiv formada nümayiş etdirir.
5. Sosial şəbəkələrin təsiri:
Zorakılığı təbliğ edən filmlər, oyunlar və sosial şəbəkə kontenti yeniyetmələrdə aqressiv davranışları normal və qəbulolunan kimi göstərə bilər. Bəs biz nə etməliyik ki, aqressiyanın qarşısını ala bilək?
1.Dinləmək və anlayış göstərmək:
Yeniyetməyə öz fikirlərini, hisslərini rahatlıqla ifadə edə biləcəyi bir mühit yaratmaq vacibdir. Onu qınamaq yox, anlamağa çalışmaq daha effektiv nəticə verir.
2.Pozitiv ünsiyyət qurmaq:
Valideynlər və məktəbdə müəllimlər yeniyetmələrlə açıq və mehriban ünsiyyət qurmalı, onları dinləməli və fikirlərinə hörmət etməlidirlər.
3.Sərhədlər və qaydalar qoymaq:
Yeniyetmə sərbəst olmağı arzulasa da, müəyyən sərhədlər və qaydalar onun təhlükəsizliyi və sağlam inkişafı üçün vacibdir. Bu sərhədlər qayğı və sevgi ilə izah olunmalıdır.
4.Peşəkar yardım almaq:
Aqressiv davranışlar davamlı və nəzarətsiz hal alıbsa, ilk əvvəl məktəblərdə fəaliyyət göstərən psixoloqlarla əlaqə saxlamaq daha sonra isə mütəxəssis psixoloq və ya psixiatr yardımının alınması vacibdir.
5.Müsbət yönəldici fəaliyyətlər:
Yeniyetməni idman, incəsənət, könüllülük kimi fəaliyyətlərə yönəltmək onun enerjisini və emosiyalarını daha sağlam şəkildə ifadə etməsinə kömək edir.Bütün bunlarla yanaşı evdə valideynlər və böyüklər öz davranışları ilə uşağa nümunə olmalıdır. Aqressiya ilə qarşılanan problemlər, sakit yollarla həll olunmalıdır ki, yeniyetmə də bunu öyrənsin.
Yeniyetmələrdə aqressiya bir siqnaldır – onların daxilində baş verən narahatlıqların və anlaşılmama hissinin səsinə çevrilmiş formasıdır. Bu davranışları görməzdən gəlmək və ya cəzalandırmaq əvəzinə, səbəbləri araşdırmaq və onlara dəstək olmaq daha sağlam və davamlı nəticələrə gətirib çıxarır. Əsas məqsəd –aqressiyanı yox etmək deyil, onu düzgün şəkildə ifadə etməyi öyrətməkdir.
ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Dilarə Cəbrayılova